Riyaziyyat elminin parlaq siması - Hüseyn Hüseynov

Professor Hüseyn Hüseynov Azərbaycan elminin gur işıqlı siması, həyatını riyaziyyatın sonsuz yollarına həsr etmiş böyük bir alim idi. O, yalnız sayların sirrini çözən elm adamı deyil, eyni zamanda düşüncənin dərin qatlarında yol tapan fikir öndəri, elmi sevən bir ürək sahibi idi.
Hüseyn Hüseynovun ömür yolu 17 iyul 1951-ci ildə Azərbaycanın səfalı bölgələrindən olan Ağsu rayonunun I Qaraqaşlı kəndində başladı. Uşaqlıqdan zəka və müdriklik çaları görünən Hüseyn müəllim, həyatını elmin işığı ilə nurlandırmağa qərar verdi. 1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini uğurla bitirərək, bu qərarını gerçəyə çevirdi.
Zəhməti və fitri istedadı onu Sovetlər dönəmində elmin beşiyi sayılan Moskvaya apardı. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib fizika-riyaziyyat elmləri namizədi adını aldı. Vətəninə dönən gənc alim, 1977-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda funksiyonal analiz sahəsində elmi fəaliyyətini davam etdirdi.
Lakin Hüseyn müəllimin elmi axtarışları sərhəd tanımırdı. 1980-1982-ci illərdə yenidən Moskvada elmi tədqiqatlarını davam etdirdi və 1990-cı ildə fizika-riyaziyyat elmləri doktoru adını aldı. 1982-1992-ci illərdə Elmlər Akademiyasında Operatorların Spektral Teoriyası şöbəsinə rəhbərlik etdi. Bu illər ərzində qazandığı uğurlar ona 1986-cı ildə dosent, 1992-ci ildə isə professor elmi adlarını gətirdi.
1993-cü ildən etibarən o, elmi bayrağını qardaş Türkiyədə dalğalandırmağa başladı. TÜBİTAK proqramı çərçivəsində Türkiyəyə dəvət aldı, öncə Ege Universitetində, daha sonra Atılım Universitetində çalışdı. Sadəcə müəllim deyildi tələbələrinə elmə olan sevgisini ötürən bir elçi idi. Onun yetişdirdiyi alimlər sırasında Nüket Aykut, Ferihe Atalan, İlkay Yaslan, Bəxtiyar Orunov, Filiz Aras, Şerife Faydaoğlu və İsmail Yaslan kimi adlar bu gün də elmi işıqlı yollarla addımlayır.
Hüseyn müəllimin elmi fəaliyyəti təkcə auditoriyalarla məhdudlaşmırdı. 1997-1999-cu illərdə “Periodik Əmsallı Fərq Tənliklərinin Qərarlığı Problemi”, 2007–2008-ci illərdə isə “Hermitik Olmayan Diskrit Schrödinger Tənliyi Üçün Özdeyər Problemi və Tədbiqləri” adlı TÜBİTAK layihələrinə rəhbərlik etdi. Atılım Universitetində həm də senat və idarə heyətinin üzvü olaraq mühüm qərarların verilməsində söz sahibi idi.
Onun elmi dünyası dərin və sərhədsiz idi. Otomorfik funksiyaların spektral teoriyası, Riemann manifoldlarının geometriyası, lineer və qeyri-lineer funksiyonal analiz, diferensial operatorların spektral problemləri, Korteweg-de Vries tipli tənliklər, zaman şkalası nəzəriyyəsi və xüsusilə Sturm-Liouville operatorları sahəsindəki tədqiqatları ilə o, dünya elminin parlaq simasına çevrildi.
100-dən çox elmi məqalənin müəllifi olan Prof. Dr. Hüseyn Hüseynovun əsərlərinə 2000-dən artıq istinad edilmişdi. Bu rəqəmlər onun elmdə qoyduğu izlərin susmayan səsləridir.
Elm qədər ailəyə də bağlı olan Hüseyn müəllim, iki oğul atası idi. Həyat yoldaşı ilə birlikdə sadə, lakin dərin mənalı bir ömür paylaşmışdı.
20 mart 2015-ci ildə bu dahi insan fiziki olaraq aramızdan ayrılsa da, onun elmi irsi, düşüncə mirası və yetişdirdiyi tələbələr vasitəsilə yaşayır.
Vəfatından sonra isə 2016-cı ildə "İnternational Society of Difference Equations" cəmiyyətinin prezidenti məşhur Amerikan riyaziyyatçısı, professor Martin Bohnerin təşəbbüsü və aktiv iştirakı ilə Türkiyədə professor Hüseyn Hüseynovun 65 illik xatirəsinə həsr olunmuş İCAMA 2016 Beynəlxalq Konfransı keçirilir.
Hər bir tənlikdə, hər bir elmi ideyada, hər bir dərsdə onun izi var. O, riyaziyyatın sətirlərinə həkk olunmuş bir imza, elmin yaddaşında əbədiyaşar bir ad olaraq qalacaq.
Aytəkin TOFİQQIZI