Şagirdlər zəifdir, yoxsa imtahanlar çətindir? - Ekspertdən AÇIQLAMA

Bir çox hallarda buraxılış imtahanında yüksək bal toplayan abituriyentlərin blok imtahanında 100 balı keçmədiyi müşahidə olunur.
Buna əsas səbəb nədir?
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı Redaktor.az-a açıqlaması zamanı bildirdi ki, buraxılış imtahanları ilə blok imtahanlarını bir-birinə qarışdırmamalıdır:
"Buraxılış imtahanları məzunların yekun attestasiyasıdır. Amma blok imtahanları qəbul imtahanlarıdır. Blok imtahanları dediyimiz qəbul imtahanlarının sualları nisbətən daha çətin, geniş düşündürücü ola bilər. Çünki bu, müsabiqədir. Buraxılış imtahanı isə attestasiya, yəni qiymətləndirmədir. Burada qeyri-adi hal yoxdur".
Təhsil eksperti vurğuladı ki, buraxılış imtahanları Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarına uyğun olaraq Azərbaycan dili, xarici dil və riyaziyyatdan keçirilir:
"Məzunların ümumi orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilməsidir. Amma blok imtahanları ayrı-ayrı qruplar və ixtisaslardır. Normal haldır ki, buraxılış imtahanı ilə qəbul imtahanının suallarının səviyyəsində fərq olsun. Blok imtahanları daha çətin ola bilər. Təbii ki, məzunlar buraxılış imtahanlarında yüksək nəticə əldə edib, qəbulda nisbətən aşağı nəticə əldə edə bilərlər. Bu, normaldır. Sadəcə imtahanların mahiyyətini bilsək, görərik ki, qeyri-adi hal yoxdur. Şagirdlərin zəif olması və ya imtahanların çətin olmasından söhbət gedə bilməz".
Aytəkin TOFİQQIZI