"Bu kimi hallar bütün məktəbləri, rəhbərlikləri məcbur edir ki, bal qovsunlar" - Məzahir Məmmədli

Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini elan edib. Amma 700 bal toplayan abituriyent yoxdur.
Bəs bunun əsas səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, yenə məsələ ilə bağlı ikili fikir yaranıb:
"Bəziləri Dövlət İmtahan Mərkəzinin sisteminin düzgün qurulmadığını, bəziləri isə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə məsələni əlaqələndirirlər. Mənim üçün mütləq deyil ki, abituriyent 700 balı yığmalıdır. Yetər ki, o kifayət qədər bilikli, savadlı olsun. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda ümumi təhsil məktəblərinin reytinqini məhz yüksək bal toplayan şagirdlərlə ölçürlər. Hansı məktəb neçə 700 ballıq şagird yetişdirib".
Onun sözlərinə görə, bu kimi hallar bütün məktəbləri, rəhbərlikləri məcbur edir ki, bal qovsunlar.
"Yarışa girirlər ki, kimin şagirdi daha çox bal topladı. Bu il bu qruplarda 700 bal olmadı. Amma bunu faciə hesab etmirəm. Düşünürəm ki, bu sistem bir qədər təkmilləşsə, uşaqlar bir qədər sakit ruhla imtahana girsələr, özlərini doğrulda biləcək qədər bal toplaya bilərlər. Yəni demirəm mütləq 700 toplayacaqlar, amma onlara ali təhsil müəssisəsinə qəbul olmaq üçün yetərli olan balı toplaya biləcəklər", - deyə M.Məmmədli bildirdi.
Aytəkin TOFİQQIZI