"Nazirlik yay tətilinin faydalı keçməsi üçün təşəbbüs göstərməlidir" - Təhsil eksperti

 15:58 18.07.2025     102

Yay tətili məktəblilər üçün ilin ən uzun və dincəlməyə ən çox vaxt ayrılan dövrüdür. Lakin bu dövrün yalnız istirahətlə deyil, həm də inkişafla keçməsi vacibdir. Təəssüf ki, bir çox hallarda bu məsuliyyət yalnız ailələrin üzərinə düşür və məktəblər, eləcə də aidiyyəti qurumlar tərəfindən sistemli dəstək göstərilmir.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Elşən Qafarov bildirdi ki, bütün təhsil müəssisələrində təhsil alanların sosial müdafiəsi ilə bağlı müəyyən tədbirlər görülməlidir:

"Qanunvericiliyə görə, "Təhsil haqqında" Qanunun 35-ci maddəsində təhsil alanların sosial müdafiəsi ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulur. Ancaq təəssüf ki, uzun illərdir bu məsələnin müəyyən problemli tərəfləri var. Çünki torpaqlarımız işğal olunduqdan sonra ata-baba yurdundan məcburi köçən şəxslərimizin böyük bir hissəsi istirahət düşərgələrində yerləşdirilməyə məcbur qaldı. Artıq, şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub və "Böyük Qayıdış" çərçivəsində biz artıq hər gün ayrı-ayrı işğaldan azad olunmuş ərazilərə qayıdırıq".

Ekspert qeyd etdi ki, Elm və Təhsil Nazirliyi də bu məsələdə maraqlı olmalıdır ki, şagirdlər, abituriyentlər və ümumilikdə təhsil alanlar yay tətilini səmərəli şəkildə necə keçirə bilərlər.

"Bu işdə həmçinin valideynlər də maraqlı olmalıdırlar. Yay tətilində rayonda olan qohumlarının evinə göndərə bilərlər. Belə bir imkanı olmayan şəxslər isə, heç olmasa, axşamlar övladları ilə birgə parka çıxa bilərlər. İstənilən halda şagirdlərin yay tətilinin maraqlı keçməsi üçün məktəblər siyahı təqdim etməlidirlər ki, şagirdlər bu dövrdə mütaliə vərdişləri ilə məşğul olsunlar. Amma bizdə bu sistemli şəkildə həyata keçirilmədiyi üçün vəziyyət bərbaddır", - deyə E.Qafarov vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən