"Rəqəmsal imtahanlara keçid bəzi abituriyentlər üçün ciddi çətinliklər yarada bilər" - Sona Əliyeva

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bəzi imtahanlarln rəqəmsal formada keçirilməsi nəzərdə tutulub. "Artıq yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq", - o deyib.
Bəs rəqəmsal formada imtahanların problemsiz keçirilməsinə uyğun şərait yaradıla biləcəkmi?
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva bildirdi ki, Dövlət İmtahan Mərkəzinin rəqəmsal imtahanlarla bağlı planları, xüsusilə də magistratura və Azərbaycan dili üzrə testlərin gələcəkdə texnologiyaya əsaslanaraq həyata keçirilməsi ideyası müasir tendensiyalara uyğun bir yanaşmadır:
"Lakin burada ən vacib məsələ yalnız texnoloji imkanların mövcudluğu deyil, həm də sistemin etibarlılığı, ədalətliliyi və şəffaflığının təmin edilməsidir. Rəqəmsal imtahanların keçirilməsi prinsip etibarilə müsbət addımdır. Bu, həm resurslara qənaət, həm operativlik, həm də qiymətləndirmədə subyektivliyi azaltmaq baxımından əhəmiyyətlidir. Ancaq texnologiyanın tətbiqi özü-özlüyündə yetərli deyil. Ən vacib sual budur: bu prosesə cəmiyyət, müəllimlər, tələbələr və texniki heyət nə dərəcədə hazırdır?
Azərbaycan reallıqları baxımından həm regionlarda internet infrastrukturunun vəziyyəti, həm də rəqəmsal bacarıqların səviyyəsi hələ tam oturuşmayıb. Əgər bu sahədəki bərabərsizliklər aradan qaldırılmadan rəqəmsal imtahanlara keçid baş tutarsa, bu, bəzi abituriyentlər üçün ciddi çətinliklər yarada bilər. Ədalətli qiymətləndirmə prinsipi isə itə bilər".
Keçmiş deputatın fikrincə, rəqəmsal imtahanlara keçid mərhələli şəkildə, pilot layihələrlə, ictimai müşahidə və ciddi monitorinq əsasında həyata keçirilməlidir.
"İlk mərhələdə könüllü əsasda, müəyyən qruplar üzərində sınaq imtahanları təşkil olunmalı, texniki nasazlıqlar və psixoloji faktorlar təhlil edilməlidir.
Əgər bu keçid prosesi düzgün planlanarsa, texnologiyanın təhsildə tətbiqi yalnız imtahanlarla məhdudlaşmaz, ümumilikdə qiymətləndirmə sisteminin çevik və müasir bir modelə keçidinə zəmin yaradar. Amma bu yalnız texnoloji deyil, eyni zamanda pedaqoji, etik və sosial məsuliyyət tələb edən bir prosesdir", - deyə Sona Əliyeva bildirdi.
Aytəkin TOFİQQIZI