"Gənclərin haqqını yeməmək lazımdır" - Təhsil eksperti

"Subbakalavr dediyimiz şəxslər, yəni orta ixtisas təhsili almış, bir qədər təcrübə qazanmış insanlar ali təhsilə davam etmək üçün universitetlərə qəbul olunurlar. Onların yaşları bir qədər böyükdür, bəziləri artıq işləyir, bir peşə mühitində müəyyən qədər təcrübə toplayıb. Bu baxımdan onların həyata, təhsilə və ixtisas seçiminə münasibəti daha aydın və məqsədyönlü ola bilər".
Bu barədə Redaktor.az-a açıqlamasında keçmiş deputat, təhsil eksperti Sona Əliyeva bildirdi.
"Amma qəbul zamanı ortaya çıxan əsas məsələ ondan ibarətdir ki, bəzən onlar daha aşağı balla və ya xüsusi kvotalarla universitetlərə daxil olurlar. Bu isə yüksək bal toplayan, universitetə düşmək üçün illərlə çalışan gənclərin haqlı narazılığına səbəb olur. Eyni ixtisas üzrə eyni dərsləri alacaqlarsa, biri niyə daha çox səy göstərib, digəri daha az məsuliyyətlə bu hüquqa sahib olmalıdır? Bu sualın cavabı cəmiyyət üçün də, təhsil siyasəti üçün də vacibdir", - deyə o, əlavə etdi.
Müsahibimiz bildirdi ki, subbakalavrların bir çoxu artıq işlədikləri və ailə məsuliyyətləri daşıdıqları üçün universitet dərslərində davamiyyət problemi yaşayırlar.
"Ali təhsil diplom almaq üçün formal mərhələ olmamalıdır. Halbuki universitet, sadəcə diplom deyil, həm də mühit, intelektual inkişaf, müzakirə və sosiallaşma deməkdir. Davamiyyəti zəif olan tələbə bu fürsətləri də itirmiş olur. Hesab edirəm ki, bu problemi tənqid etməklə yox, sistemli şəkildə həll etməklə nəticə əldə etmək olar. Subbakalavrlar üçün ayrıca proqramlar, axşam və ya distant təhsil formaları təşkil edilə bilər. Beləliklə, onlar həm işləməyə davam edər, həm də təhsildən geri qalmaz. Eyni zamanda abituriyentlər arasında bərabərlik prinsipi qorunar.
Bu məsələdə əsas olan balansı qorumaqdır. Həm təcrübəli insanların ali təhsil almasına şərait yaratmaq, həm də bu yolda səy göstərmiş gənclərin haqqını yeməmək lazımdır. Təhsil siyasətində sosial ədalət prinsipi hər zaman əsas götürülməlidir", - deyə Sona Əliyeva qeyd etdi.
Xədicə BAXIŞLI