"Əgər bu sahədə dərhal ciddi islahatlara başlanmazsa..." - Kamran Əsədov

"Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbul məsələsində ciddi şəkildə passivdir. Nazirliyin ali təhsilin qəbul planı ilə bağlı nə orta müddətli proqnozu, nə strateji sənədi, nə də əmək bazarı ilə koordinasiyalı siyasəti mövcuddur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrinə qəbul mərhələsində olan problemlərdən danışarkən bildirdi.
"Nazirlik indiyədək əmək bazarının ehtiyacları ilə bağlı elmi əsaslı tədqiqat təqdim etməyib. İxtisas seçimi dövründə isə abituriyentlər üçün yönləndirici maarifləndirmə işi olduqca zəifdir. Dövlət İmtahan Mərkəzi sadəcə texniki funksiyanı yerinə yetirir. Plan təqdim olunur, müsabiqə keçirilir, nəticələr elan edilir. Amma bu prosesin arxasında təhsil sisteminin gələcəyi ilə bağlı heç bir nəzəri baza və ya yol xəritəsi yoxdur", - deyə o vurğuladı.
K.Əsədov bildirdi ki, boş qalan yerlərin gələcəkdə də davam edəcəyi ehtimalı yüksəkdir:
"Əgər planlama yanaşması dəyişməzsə, əmək bazarı ilə əlaqə qurulmazsa və universitetlər yalnız reytinqə görə deyil, bazar ehtiyacına uyğun inkişaf etməzsə, qəbul planı kağız üzərində qalacaq. Bu vəziyyət təhsilin kütləviləşməsi ilə keyfiyyətin pozulması arasında tarazlığın itməsinə səbəb olur.
Gələcəkdə dəyişiklik üçün qəbul planları mütləq əmək bazarının proqnozlarına, regionların iqtisadi inkişaf istiqamətlərinə və müasir texnoloji trendlərə uyğun tənzimlənməlidir. Maarifləndirici platformalar yaradılmalı, ixtisas seçimi və təhsil haqqı modelləri daha çevik və fərdiləşdirilmiş formaya keçməlidir. Əgər bu sahədə dərhal ciddi islahatlara başlanmazsa, boş qalan yerlərin faizi artacaq, nəticədə ali təhsilin səmərəliliyi daha da zəifləyəcək və təhsil ictimaiyyəti ilə dövlət qurumları arasında etimad böhranı dərinləşəcək".
Aytəkin TOFİQQIZI