Təhsil ekspertindən valideyn və abituriyentlərə ixtisas seçimi ilə bağlı ÇAĞIRIŞ

"İxtisas seçimi mərhələsi təkcə bal hesabı ilə qərar vermək deyil, həm də gələcək karyera yolunun, həyat tərzinin və sosial mövqeyin formalaşmasında həlledici rol oynayır. Bu baxımdan xüsusilə 2-ci və 3-cü ixtisas qruplarında seçim edən abituriyentlərin bir neçə mühüm məqamı diqqətdə saxlaması vacibdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli 2-ci və 3-cü qrupların ixtisas serçimi edərkən diqqət etməli olduğu nüanslardan danışarkən bildirdi.
Onun sözlərinə görə, 2-ci qrup üzrə vəziyyət nisbətən sabitdir:
"Seçimlərini düzgün planlaşdıran, maraq və bacarıqlarını nəzərə alan abituriyentlərin qəbul şansı kifayət qədər realdır. Bu qrup üzrə iqtisadiyyat, maliyyə, menecment və digər ixtisaslara müraciət edənlər üçün plan yerlərinin çoxluğu və müxtəlifliyi seçim imkanlarını artırır. Əsas odur ki, bu ixtisasların iş bazarındakı real çəkisi, təhsil müddətində qazanılacaq bacarıqlar və şəxsi potensialla uyğunluğu düzgün analiz olunsun.
3-cü qrupda isə mənzərə daha kritikdir. Hər il olduğu kimi bu il də burada rəqabət yüksəkdir. Bunun əsas səbəblərindən biri pedaqoji ixtisaslara olan artan maraqdır. Müəllim peşəsinin cəmiyyətdə nüfuzunun artması, işə qəbul proseslərinin daha şəffaf və motivasiyaedici olması, dövlətin bu sahəyə yönəltdiyi diqqət abituriyentləri daha çox bu istiqamətə yönəldir. Nəticədə, xüsusilə “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” kimi ixtisaslarda balların yüksəlməsi müşahidə olunur və bu tendensiyanın davam edəcəyi gözləniləndir".
Ekspert qeyd etdi ki, abituriyentlər burada yalnız yüksək bal və əsas ixtisaslara fokuslanmamalı, həm də reallığa uyğun alternativ seçimləri düzgün qurmalıdırlar.
"Təəssüf ki, bu həssas dönəmdə sosial şəbəkələrdə özünü “ixtisas seçim məsləhətçisi” kimi təqdim edən şəxslərin sayı sürətlə artır. Təcrübəsi, təhsil sahəsində yetkinliyi olmayan bəzi şəxslər yüksək məbləğlər qarşılığında valideyn və abituriyentləri yanlış yönləndirir. Bu cür yanaşmalar nəinki faydalı deyil, əksinə, gənclərin gələcək həyatını riskə atır. Valideynlərə çağırış edirik: övladlarınızın taleyini sosial media simalarının təsadüfi məsləhətlərinə deyil, peşəkar, obyektiv və məlumatlı ekspertlərin tövsiyələrinə etibar edin. Doğru istiqamətləndirmə yalnız biliklə deyil, məsuliyyətlə də bağlıdır.
İxtisas seçimi tələsik veriləcək bir qərar deyil. Bu mərhələdə emosiyalara deyil, informasiyaya əsaslanmaq lazımdır. Gələcəyin uğurlu tələbələri bu günün rasional seçimləri ilə formalaşacaq", - deyə Əmrah Həsənli qeyd etdi.
Xədicə BAXIŞLI