"Psixologiya sahəsində qiyabi təhsil tamamilə dayandırılsın" - Sona Əliyeva

"Psixologiya sırf nəzəri biliklərlə məhdudlaşmayan, praktiki bacarıq, müşahidə, empatiya və insanla ünsiyyət tələb edən bir ixtisasdır. Bu sahədə ixtisaslaşmaq istəyən şəxsin yalnız kitab oxuması və imtahan verməsi kifayət deyil. O, real insanla qarşılıqlı təmasda olmalı, müşahidə etməli və davranışları dərk edərək şərh etməyi öyrənməlidir".
Bu fikirləri Redaktor.az-a keçmiş deputat, təhsil eksperti Sona Əliyeva qiyabi təhsillə psixoloq olub-olmamağın mümkünlüyündən danışarkən bildirdi.
"Qiyabi təhsil formasının isə bu sahənin fundamental tələblərinə tam cavab verdiyini düşünmürəm. Psixologiya üzrə peşəkar olmaq istəyən biri üçün canlı dərslər, real klinik müşahidələr, rollu oyunlar, təcrübə saatları və interaktiv seminarlar əvəzolunmazdır. Bunlar olmadan, yalnız uzaqdan öyrənməklə formalaşmış mütəxəssis cəmiyyətə, insanlara yardım etməkdə çətinlik çəkə bilər və bu, həm də peşəyə olan ictimai etimadı zəiflədə bilər", - deyə o vurğuladı.
Ekspert təklif etdi ki, psixologiya sahəsində qiyabi təhsil ya tamamilə dayandırılsın, ya da yalnız təhsilini davam etdirən, bu sahədə işləyən şəxslər üçün nəzərdə tutulan xüsusi modullaşdırılmış proqramlar şəklində tətbiq olunsun.
"Biz psixoloji sağlamlıq haqqında danışırıqsa, həmin sahənin mütəxəssislərinin yetişmə prosesi də son dərəcə sağlam və məsuliyyətli şəkildə təşkil olunmalıdır", - deyə Sona Əliyeva qeyd etdi.
Xədicə BAXIŞLI