"Elm və Təhsil Nazirliyi ictimaiyyətə şəffaf məlumat paylaşmır" - Kamran Əsədov

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Bəs bu ilin nəticələri əvvəlki illərlə müqayisədə necədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, magistraturaya qəbul nəticələri ali təhsilin planlaşdırılmasında ciddi sistemsizlik və strateji baxış çatışmazlığını üzə çıxardı. Onun sözlərinə görə, 2025-ci ildə ixtisas seçimi edən 15 555 bakalavrdan 13 446 nəfəri magistraturaya qəbul olunub. Bu isə o deməkdir ki, ümumilikdə 16 794 plan yerindən 3 348-i boş qalıb. Hər boş plan yeri isə universitet üçün həm maliyyə itkisi, həm də akademik baxımdan itirilmiş potensial deməkdir. Belə vəziyyət bir daha sübut edir ki, ölkədə magistr təhsilinə qəbul prosesi əmək bazarının real tələblərinə deyil, kağız üzərində hazırlanmış şablon normativlərə əsasən aparılır.
"Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilir ki, dövlət təhsil siyasətinin əsas prinsiplərindən biri təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Halbuki faktiki göstəricilər bu prinsipin tətbiq olunmadığını göstərir. Əgər 3300-dən çox yer boş qalırsa, bu, planlaşdırmanın tədqiqata və trendlərə deyil, təxminlərə əsaslandığını göstərir. Elm və Təhsil Nazirliyi illərdir bu istiqamətdə heç bir funksional araşdırma aparmır, proqnoz vermir, əmək bazarının ehtiyaclarına dair ictimaiyyətlə şəffaf məlumat paylaşmır. Nəticədə universitetlər öz resurslarını boş yerə sərf edir, müəllim heyətinin tədris yükü aşağı düşür, qruplarda 3-5 nəfərlə tədris təşkil olunur və bu da keyfiyyətə birbaşa təsir edir. Qəbul olunan 13 446 nəfərin 5798-i dövlət sifarişi, 7648-i isə ödənişli əsaslarla oxuyacaq. Bu statistika ali təhsilin getdikcə daha çox kommersiya yönümlü sahəyə çevrildiyini göstərir. Dövlət sifarişinin ümumi qəbulun yalnız 43 faizini əhatə etməsi sosial ədalət prinsipini zədələyir. Qanunvericiliyə görə dövlət, xüsusilə elmi və strateji ixtisaslarda dövlət sifarişini artırmalı, ali təhsilə çıxışı sosial mənşəyindən asılı olmayaraq təmin etməlidir. Lakin bu il bu baş verməyib. Ödənişli yerlərin çoxluğu ali təhsilin gəlir mənbəyinə çevrildiyini və bu prosesin dövlət tərəfindən tənzimlənmədiyini göstərir".
Ekspert qeyd etdi ki, digər narahatedici məsələ imtahan nəticələridir:
"Magistr imtahanında iştirak edən 26 241 bakalavrdan 3 147 nəfər 0–30 bal aralığında nəticə göstərib. Bu, həmin tələbələrin təməl bilik və bacarıqlara malik olmadığını deyil, imtahanın strukturu ilə universitet tədrisinin uyğunlaşmamasını göstərir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bu imtahanlar universitetlərdə verilən biliklərdən çox fərqlidir. Əgər bakalavr 4 il ərzində aldığı təhsil nəticəsində magistr imtahanında minimum bal belə toplaya bilmirsə, o zaman sual doğur: universitetdə tədris proqramı zəifdir, yoxsa imtahan tələbləri reallıqdan uzaqdır? Bunu ölçən, izləyən, təhlil edən qurum yoxdur. Elm və Təhsil Nazirliyi bu məsələni illərdir sadəcə seyr edir, hər hansı hesabat və yaxud proqram təqdim etmir. Halbuki bir çox ölkələrdə – məsələn, Almaniya, İsveç, Niderlandda magistr qəbul sistemi yalnız universitetlərin daxili müsahibə və portfolioları əsasında həyata keçirilir. Bu da həm fərdi bacarıqları önə çəkir, həm də proqramların aktuallığını artırır".
K.Əsədov müsbət tərəflərindən də bəhs etdi:
"Müsbət tərəf ondan ibarətdir ki, magistratura pilləsinə maraq hələ də azalmayıb. 2025-ci ildə qəbul olunanların 9790 nəfəri builki məzun, 3656 nəfəri isə əvvəlki illərin məzunudur. Bu rəqəm göstərir ki, bakalavr pilləsini bitirən şəxslərin əhəmiyyətli qismi akademik inkişafı davam etdirmək niyyətindədir. Amma bu istək sistemin zəifliyi və düzgün yönləndirmənin olmaması səbəbindən çox zaman yarımçıq qalır. Dünya təcrübəsində ali təhsilin hər pilləsinin planlaşdırılması əvvəlcədən tədqiq edilmiş proqnozlara əsaslanır. Məsələn, Finlandiyada və Estoniyada magistr plan yerləri hər il əmək bazarı göstəricilərinə, ixtisasların perspektivinə və ölkənin elmi-tədqiqat prioritetlərinə əsasən dəyişdirilir. Azərbaycanda isə 5-10 il öncəki yanaşmalar hələ də aktual sayılır, reallıq nəzərə alınmadan plan yerləri artırılır, nəticədə isə universitetlər büdcə itirir, tələbələr isə keyfiyyətli təhsil ala bilmirlər".
Həmsöhbətimiz qeyd etdi ki, magistratura təhsili elmi və peşəkar inkişafın ikinci mərhələsidir.
"Bu pillənin keyfiyyətli təşkili elmi potensialın formalaşmasına, ali məktəblərin beynəlxalq nüfuzunun artmasına səbəb ola bilərdi. Lakin hazırkı vəziyyətə baxsaq görərik ki, nə Elm və Təhsil Nazirliyi, nə də ali məktəblər bu prosesə strateji yanaşmır. Orta məktəblərdəki keyfiyyətsizliyin davamı ali məktəbə, oradan da magistraturaya qədər uzanır. Tələbə özünü ali təhsil mühiti üçün yetkin hiss etmir, universitet isə onu bu prosesə hazırlamır. Əksər hallarda magistr dərəcəsi iş tapmaq üçün sadəcə diplom tələbi kimi qəbul olunur. Bu nəticələr göstərir ki, ölkədə təhsilin pillələri arasında əlaqə yoxdur, magistratura planlaşdırılmır, imtahanlar tədrisdən qopuqdur, Elm və Təhsil Nazirliyi isə bu prosesə ya nəzarət edə bilmir, ya da maraqlı deyil. Cəmiyyətə açıq, əsaslandırılmış, statistikaya söykənən proqnozlar təqdim olunmur, ali təhsilin gələcəyi ilə bağlı vizion mövcud deyil. Bu şəraitdə təhsilin keyfiyyətindən, rəqabət qabiliyyətli mütəxəssis hazırlığından danışmaq mümkün deyil. Dəyişməli olan təkcə tələbə deyil. Sistemin özü dəyişməlidir. Təxirəsalınmaz şəkildə",- deyə sonda K. Əsədov vurğuladı.
Nuriyyə NATİQQIZI