Onlar da sertifikasiyaya cəlb olunsun - Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ

"Bütün fənlər üzrə sertifikasiya imtahanı keçirilir. Bu, 2026-cı ilə qədər davam edəcək və artıq ilkin mərhələ yekunlaşmaq üzrədir. Amma təəssüflər olsun ki, qeyd olunan fənlər içərisində məktəb psixoloqlarının sertifikasiyaya cəlb olunması nəzərdə tutulmayıb".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev məktəb psixoloqlarının sertifikasiya imtahanına cəlb olunma ehtiyacından danışarkən bildirdi.
Onun sözlərinə görə, məktəb psixoloqlarının sertifikasiyaya cəlb olunması önəmlidir.
"Niyə? Çünki hazırda məktəb tədrisində fənlərlə yanaşı məktəb psixoloqlarının da rolu əhəmiyyətlidir. Bu gün ümumtəhsil məktəblərinə nəzər salsaq, görərik ki, məktəb psixoloqları yetəri sayda deyil. Məktəb psixoloqlarının fəaliyyəti qənaətbəxş deyil. Ya məktəb psixoloqları üçün məktəbdə şərait yoxdur, ya da onlar öz ixtisasları üzrə tədris prosesini həyata keçirmirlər".
Müsahibimiz qeyd etdi ki, məktəbdə tədrislə yanaşı tərbiyə işlərinin də vacibliyi mühümdür.
"Tərbiyə işlərində ən çox fəaliyyət göstərənlər məktəb psixoloqlarıdır. Daha keyfiyyətli məktəb psixoloqlarının olmasını istəyiriksə, onların da sertifikasiya imtahanına cəlb olunmasını təşviq etməliyik.
Çünki hansısa ümumtəhsil məktəbində hadisə baş verdiyi zaman əsas diqqət məktəb rəhbərliyinə və məktəb psixoloqlarına yönəlir. Əgər ümumtəhsil məktəbində keyfiyyətli psixoloq fəaliyyət göstərərsə, o zaman ciddi problemlər yaranmaz. Təəssüf ki, bizdə məktəbdə hadisə baş verdikdən sonra məktəb psixoloqları fəaliyyətə başlayırlar. Əslində psixoloqlar problemli şagirdləri əvvəlcədən müəyyənləşdirməli, onlarla söhbətlər aparmalıdır. Belə olarsa, problemlərin qarşısı əvvəlcədən alınar.
Ümidvaram ki, Elm və Təhsil Nazirliyi çağırışımızı diqqətə alar və məktəb psixoloqları da sertifikasiyaya cəlb olunar", - deyə R.Nurəliyev bildirdi.
Aytəkin TOFİQQIZI