"Məktəblərə daha çox psixoloq cəlb olunmalıdır" - Deputat

Azərbaycanda orta məktəblərdə fəaliyyət göstərən psixoloqların da digər müəllimlər kimi sertifikatlaşdırma prosesində iştirak etməsi təklif olunur.
Bəs məktəb psixoloqlarının sertifikasiya cəlb olunmasına ehtiyac varmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu barədə qərarları Elm və Təhsil Nazirliyi qəbul edir:
"Əgər belə bir ehtiyac olarsa, bu məsələyə baxıla bilər. Hesab edirəm ki, bundan daha çox önəmli olan məsələ məktəblərdə psixoloq ştatının sayının artırılması və daha çox psixoloqun məktəbə cəlb olunmasıdır. Bu gün məktəblərdə psixoloq ştatına ayrılan yer azdır. Ciddi çatışmazlıq var. İnstitut olaraq hələ ki, məktəblərdə bu öz rolunu oynamır və töhfə vermir. Biz bu barədə ciddi fikirləşməli və addım atmalıyıq ki, bu prosesi necə tənzimləyək".
Deputat əlavə etdi ki, digər önəmli məsələmiz isə psixoloq mütəxəssislərin hazırlanmasıdır.
"Hesab edirəm ki, bu da ciddi bir problemdir. Biz bu suala cavab verməliyik ki, nə dərəcədə savadlı psixoloq hazırlaya bilirik. Təəssüf ki, bu gün ali təhsil müəssisələrimiz savadlı, bilikli mütəxəssislər yetişdirə bilmirlər. Bu gün bazarda qeyri-peşəkar mütəxəssislər daha çoxdur. Ayrı-ayrı ölkələrdən sertifikat alıb fəaliyyət göstərənləri nümunə çəkə bilərik. Gələcəkdə digər sahələrdə olduğu kimi psixoloqların da sertifikasiyası məsələsinə baxmaq olar", - deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI