Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.
Redaktor.az xəbər verir ki, “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektorda çalışır.
Müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.
Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunmuşdur. Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.
Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eyni zamanda, bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur.
Beşinci mövsümün qaliblərinin adlarını təqdim edirik:
-
Ələsgərov Kamran Tahir oğlu
-
Mustafayev Fərid Vüsal oğlu
-
Sadıxlı Kamran Tahir oğlu
-
Məmmədov İbrahim Allahverdi oğlu
-
Balacanov Məmməd Şahrəddin oğlu
-
Həsənov Məmməd İslam oğlu
-
Daşdiyev Qoşqar Ramiz oğlu
-
Həsənverdiyev Şəhriyar Ələkbər oğlu
-
Kərimli Əli İdrak oğlu
-
Mirzəzadə Elnur Ceyhun oğlu
-
Nağıyev Orxan Mayıl oğlu
-
Hüseynov Numrəddin İlham oğlu
-
Hüseynli Mirqəni Mir Kamal oğlu
-
Ağayev Əliağa Əlifağa oğlu
-
Hüseynzadə Ramil Mahmud oğlu
-
Xəlilov Toğrul Mehman oğlu
-
Eyyub Fatimə Elçin qızı
-
Məmmədli Elnur Yasin oğlu
-
Hüseynov Fərid Şahin oğlu
-
Əsgərxanlı İrşad Natiq oğlu
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.