"Magistratura plan yerlərinin tam dolmasının tərəfdarı deyiləm" - İlqar Orucov

"Plan yerləri əvvəlcədən nəzərdə tutulmuş maksimum yerlərdir və plan yerləri müəyyənləşdirilərkən həm universitetlərin potensialı, eyni zamanda əmək bazarında kadrlara ehtiyac və s. nəzərdə tutulur. Yəni bütövlükdə bu xeyli araşdırmalar nəticəsində müəyyənləşmiş say olaraq nəzərdə tutulur".
Bu fikirləri Redaktor.az-a fəlsəfə doktoru, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov magistraturada boş qalan plan yerlərindən danışarkən bildirdi.
"Plan yerlərinin tam dolmamasında xüsusi qəbahət görmürəm. Nəyə görə? Çünki plan yerlərinin tam dolması bəlkə də heç gözlənilmir. Sadəcə olaraq plan yerləri magistratura pilləsində təhsil almaq istəyənlər üçün dövlətin ayırdığı o kvotadır. Maksimal yer 16794 nəfəri əhatə etməlidir. Yəni bundan çox qəbul aparmaq mümkün deyil. Bizim xeyli sayda gənclərimiz magistratura pilləsində təhsil almaq üçün heç Dövlət İmtahan Mərkəzinin imtahanlarına iştirak eləmirlər. Xeyli sayda gənclərimiz var ki, onlar dövlət proqramı ilə, hökumətlərarası proqramlar vasitəsilə, eyni zamanda müxtəlif universitetlərin təqaüd proqramları ilə xaricdə təhsil almaq imkanı əldə edirlər. Yəni bunu təbii ki, yüzə-yüz əvvəlcədən proqnoz vermək mümkün deyil. Həm də bu imtahandır, imtahanın nəticələridir. İmtahan olduğu yerdə, çox güclü rəqabət olur. Eyni zamanda imtahanın nəticəsinə müvafiq olaraq biz yekunda qəbul sayını bilə bilirik. Mən düşünmürəm ki, bu, həm də imtahanların çətinliyi ilə bağlıdır".
Fəlsəfə doktoru qeyd etdi ki, magistratura pilləsi təhsilin daha yüksək pilləsidir və burada bakalavr pilləsini bitirmiş istedadlı gənclər, həmçinin növbəti mərhələdə təhsil almaq istəyən gənclər iştirak edirlər.
"Və burada plan yerləri 100% dolacaq deyə belə bir gözlənti də yoxdur. Boş qalan 3300 yer az rəqəm deyil. Amma bir çox hallarda dolmamış plan yerlərinə növbəti müraciət üçün şans verilir. Ola bilsin belə bir şans verilsin və ya ola bilsin verilməsin. Bütövlükdə bununla bağlı müvafiq qərar nə olacaqsa, daha aşağı nəticə qazanmış, yəni keçid balını toplaya bilməyən gənclər üçün əlavə şans yaranacaqsa, o boş qalmış plan yerlərinə onlar müraciət edə bilərlər. Amma o şans yaranacaqmı, yaranmayacaqmı, mən onu bilmirəm. Ümumiyyətlə mən plan yerlərinin tam dolmasının da heç tərəfdarı deyiləm. Tam səmimi deyim. Ona görə ki, biz elə plan yerləri dolsun deyə, mən hesab edirəm ki, balları aşağı salmağın da yeri yoxdur. Çünki qeyd etdiyim kimi, magistratura pilləsi daha çox biliyi, biliyini nümayiş etdirə biləcək insanlar üçündür. Növbəti mərhələdə onların magistr proqramlarını mənimsəmək kimi həm də bacarıqları olmalıdır. Biz plan yerini azaldaq, plan yerinə müvafiq olaraq keçid ballarını azaldaq, hesab edirəm ki, bu yanaşma düzgün deyil. Birlikdə qərar necə olacaq, təbii ki, onu biz görəcəyik, biləcəyik. Fürsətdən istifadə edərək magistratura pilləsinə qəbul olunmuş gənclərimizi təbrik edirəm. Onlara təhsilin növbəti pilləsində uğurlar arzu edirəm. Və düşünürəm ki, ən layiqlilər magistratura pilləsində qəbul olaraq oxumaq şansı əldə ediblər. Və bu, həyatın sonu deyil".
İ.Orucov bildirdi ki, magistratura qəbuluna plan yerindən qat-qat çox insan müraciət etmişdi:
"İmtahandır, imtahanın nəticəsinə müvafiq olaraq təbii ki, proses həyata keçirilir, reallaşdırılır və yəqin ki, potensialı olan insanlar daha çox ola bilərdi. Amma imtahan prosesinin nəticəsinə müvafiq olaraq, qəbul olunmuş insanlar var və magistr olmaq arzusunda olan, təhsilini davam etdirmək gücünü özündə hiss edən insanlar öz arzularını reallaşdırmaq üçün növbəti illərdə imtahanlara qatıla bilərlər. Yəni əsas odur ki, magistr olmaq arzusunda olan insanlarımızın arzusu ardıcıl olsun, arzuları və istəklərində onlar davamlı olsunlar, daha yaxşı hazırlaşsınlar və növbəti illərdə onlar bu arzularını gerçəkləşdirsinlər".
Aytəkin TOFİQQIZI