Magistratura səviyyəsində boş qalmış sahələrin adları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edib.
Mərkəzdən Redaktor.az-a bildirilib ki, ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı soyuducu, kompressor maşın və qurğuları, dəmiryol nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı, silah sistemləri mühəndisliyi, xüsusi rabitə vasitələri mühəndisliyi, biotexnologiya sahələrinə aid 4, 8, 29, 45, 58, 61, 64, 66 saylı proqramlara ayrılmış plan yerlərinin 70 faizi və ya daha çoxu boş qalıb.
Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi.
Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.