"Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" - Ekspertdən Elm və Təhsil Nazirliyinə İRAD

 16:36 24.07.2025     474

İyulun 23-də Elm və Təhsil Nazirliyində ali təhsil proqramlarının yenilənməsi məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib. Nazir müavini, komissiyanın sədri İdris İsayev çıxışında ali təhsildə müasir yanaşmaların tətbiqi və proqramların əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. İclasda ali təhsil müəssisələri üçün ixtisaslaşma üzrə nümunəvi proqramların hazırlanması, işçi qrupların təqdim etdiyi proqramların mərhələli təsdiqi və əmək bazarına uyğun təlim nəticələri müzakirə olunub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, ali təhsil proqramlarının yenilənməsi təşəbbüsü struktur səviyyədə köhnəlmiş və real sektorla əlaqəsini itirmiş təhsil sistemində dəyişiklik yaratmaq üçün uzun illər gözlənilən, lakin praktiki cəhətdən daim gecikdirilən bir addımdır:

"Hazırda ali təhsil müəssisələrində tətbiq olunan proqramların böyük əksəriyyəti XXI əsrin ilk onilliyində hazırlanmış, əmək bazarının hazırkı çağırışlarına, rəqəmsallaşma və çevik bacarıq modellərinə uyğun olmayan məzmunlardır. Yeni proqramların hazırlanması və bu istiqamətdə komissiya və işçi qrupların formalaşdırılması pozitiv niyyətdən xəbər versə də, məsələ bu proseslərin nə dərəcədə sistemli və nəticəyönümlü aparıldığıdır. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu prosesi konseptual və strateji baxımdan deyil, daha çox texniki və mexaniki bir proses kimi təqdim edir.

Dövlət Statistika Komitəsinin 2023-cü ilə dair məlumatlarına əsasən, ali təhsil müəssisələrindən məzun olan gənclərin 38 faizi ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir. Bu rəqəm faktiki olaraq proqramların əmək bazarına cavab vermədiyini göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, 2025-ci ilədək ölkədə rəqəmsal texnologiya, kibertəhlükəsizlik, yaşıl iqtisadiyyat və xidmət sektorlarında ciddi kadr çatışmazlığı gözlənilir. Halbuki mövcud ali təhsil proqramlarında bu istiqamətlər ya ümumiyyətlə yoxdur, ya da səthi şəkildə mövcuddur. Bu isə birbaşa təhsil proqramlarının məzmununun əmək bazarı ilə sinxronlaşdırılmamasının nəticəsidir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, təhsil proqramları (kurikulumlar) müvafiq pillələr üzrə təhsil alan şəxslərin inkişaf səviyyəsini, təlim nəticələrini, fənn yükünü və təhsilin strukturunu müəyyən edir. Amma həmin proqramların necə, kim tərəfindən, hansı prinsip və metodologiya ilə hazırlanacağı, cəmiyyətin, elmi mühitin və işəgötürənlərin bu prosesə necə cəlb olunacağı ilə bağlı aydın normativ baza mövcud deyil. Bu da proqramların tərtibində subyektivlik, texniki yanaşma və real ehtiyaclara cavab verməyən yanaşmalarla nəticələnir.

Yeni proqramlarla bağlı keçirilən iclaslarda əmək bazarının ehtiyacları vurğulansa da, bu ehtiyacların konkret hansı statistik modellərlə müəyyən edildiyi, hansı sektor üzrə hansı bacarıqların prioritet olduğu açıqlanmır".

Ekspert qeyd etdi ki, heç bir rəsmi sənəddə, nə komissiyanın iclas protokollarında, nə də nazirliyin saytında proqram dəyişikliklərinin mərhələli planı, monitorinq mexanizmi, qiymətləndirmə indikatorları yer almayıb:

"Proqramların hazırlanması və tətbiqi prosesində tələbə rəyi, müəllim fikri, işəgötürənlərlə ortaq layihələr və ictimai rəy nəzərə alınmır. Bu isə istənilən islahatın əsas şərti olan iştirakçılıq prinsipinin pozulmasıdır.

Dünya təcrübəsində təhsil proqramlarının yenilənməsi sistemli bir proses kimi qəbul olunur. Məsələn, Estoniyada ali təhsil proqramları 5 ildən bir məcburi şəkildə yenilənir və bu prosesdə 4 tərəf iştirak edir: dövlət, universitet, işəgötürən və məzunlar. Proqramların effektivliyi yalnız dərs planı ilə yox, nəticə əsaslı indikatorlarla – məsələn, məzunun ilk 6 ayda işə düzəlmə faizi, əməkhaqqı səviyyəsi, bacarıq uyğunluğu kimi ölçülür. Finlandiyada isə proqramlar modul əsaslı qurulur və tələbəyə seçmə azadlığı, fərdiləşdirilmiş öyrənmə marşrutu təqdim olunur. Azərbaycanda isə proqramlar hələ də sərt fənn şəbəkəsinə və yuxarıdan aşağı strukturlaşdırılmış modellərə əsaslanır, bu isə yaradıcı və çevik bacarıq formalaşdırmır".

K.Əsədovun sözlərinə görə, yeni proqramlar yalnız dərs planlarının dəyişməsi ilə kifayətlənməməlidir:

"Bu dəyişiklik müəllim hazırlığında, tədris metodlarında, qiymətləndirmə mexanizmlərində və universitetlərin daxili idarəetmə modelində də əksini tapmalıdır. Əgər bu komponentlər eyni anda dəyişməzsə, proqramlar yalnız kağız üzərində qalacaq. Hazırkı mərhələdə isə bu dəyişikliklərə dair nazirliyin təqdim etdiyi heç bir strateji sənəd yoxdur. Vahid təlimatlar, tətbiq mexanizmləri və resurs təminatı planlaşdırılmayıb. Təhsil ictimaiyyəti ilə ünsiyyət zəifdir, müəllimlər bu dəyişikliklərə necə hazırlanacaq, qiymətləndirmə necə qurulacaq, dərsliklər necə uyğunlaşdırılacaq – bu suallar cavabsızdır.

Əgər yeni proqramlar sadəcə “müasir” görünmək və formal struktur yaratmaq üçün tərtib olunursa, bu islahatların praktik təsiri olmayacaq. Real dəyişiklik yalnız bütün komponentlər üzərində sistemli yanaşma və ardıcıl icra ilə mümkündür. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə ardıcıl plan təqdim edir, nə ictimaiyyətlə dialoq qurur, nə də keçmiş islahatların nəticələrini təhlil edib onlardan dərs çıxarır".

Ekspert qeyd etdi ki, hazırda təqdim olunan islahat təşəbbüsü nəticədən çox görüntü yaratmağa xidmət edir.

"Yenilənən proqramların real təsiri üçün onların pilot tətbiqi, nəticələrin monitorinqi, ictimai hesabatlılıq və mütəmadi geribildirim mexanizmləri qurulmalıdır. Əks halda bu islahat cəhdi də əvvəlkilər kimi kağızda qalacaq, universitetlərdə isə illərlə eyni dərsliklər, eyni müəllimlər və eyni tədris yanaşması ilə davam edəcək. Bu isə sadəcə vaxt itkisi deyil, həm də gələcək nəsillərin bacarıqsız yetişməsinə səbəb olacaq. Təhsil sistemində vaxt itkisi isə bir nəsil itkisi deməkdir. Elm və Təhsil Nazirliyi bu məsuliyyəti nə nəzəri, nə də əməli səviyyədə dərk etdiyini göstərmir. Bu isə ən böyük təhlükədir", - deyə Kamran Əsədov vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən