"Təhsil haqları aşağı olmalıdır" - Ekspert

 17:54 24.07.2025     163

"Hal-hazırda magistratura istiqamətində olan illik təhsil haqları, MBA (Biznesin idarə olunması) proqramı və bir neçə proqram var ki, orada təhsil haqqı bir qədər yüksəkdir. Əlbəttə ki, bütün bunlar tələbələr üçün təhsilin əlçatanlığının təmin olunması baxımından maneə yaradır. Çünki bizə vacibdir ki, tələbələr illik təhsil haqlarını daha sərbəst formada ödəyə bilsinlər, çətinlik çəkməsinlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi magistr ixtisasları üçün olan təhsil haqqının çoxluğundan danışarkən bildirdi.

"Bunun üçün də, fikrimcə, bəzi ali təhsil müəssisələrində illik təhsil haqları müvafiq olaraq ən azı 1500-2000, maksimum 2500 manata qədər formalaşsa daha məqsədəuyğun olar. Bilirsiniz ki, bir il altı aylıq ixtisaslar da var, hansı ki, həmin ixtisaslar doktorantura təhsilinə gediş üçün imkan vermir. Yəni həmin o ixtisasların da illik təhsil haqları, fikrimcə, ikiillik istiqamətlərlə müqayisədə daha aşağı formalaşmalıdır.

Əlbəttə, ödənişlər tələbələrin magistratura pilləsində təhsil almalarını, onların bir müddət oxuyub sonra maddi cəhətdən ödəmə imkanları məhdudlaşıb təhsillərini yarımçıq qoymaları ilə nəticələnməməlidir. Düzdür, Təhsil Tələbə Krediti də var. Hansı ki, həmin fonda müraciət edərək illik təhsil haqlarını ödəmək imkanları verilir. Amma bəzi hallarda biz onu da müşahidə edirik ki, tələbələr fonddan ödəniş götürməklə bağlı da müəyyən çətinliklər yaşayırlar və nəticə etibarilə onlar əlacsızlıqdan təhsillərini dayandırmaq məcburiyyətində qalırlar. Ona görə də təhsilin əlçatanlığı baxımından illik təhsil haqlarının aşağı olmasını məqsədəuyğun hesab edirəm", - deyə təhsil eksperti qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən