Bu ixtisaslarda bal artımı gözlənir - Təhsil eksperti AÇIQLADI

 16:48 25.07.2025     779

Artıq abituriyentlərin bütün imtahan nəticələri açıqlanıb. 

Bəs universitetlərə qəbul zamanı balların necə dəyişməsi gözlənilir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, qarşıda apellyasiya müddəti var:

"27 iyul tarixində 1 və 4 qrupların apellyasiya üçün son müraciət tarixləridir. Ondan sonra isə yəqin ki, gələn ayın ilk on günlüyü ali təhsil müəssisələrinə müsabiqəyə başlanacaq. Hal-hazırkı vəziyyətdə biz müşahidə edirik ki, əsasən daha gərgin rəqabət 3-cü ixtisas qrupundadır. Burada mövcud plan yerinə müraciət edən abituriyentlərin sayına baxdıqda, təxminən 13 min abituriyentin müsabiqədən kənarda qalmaq ehtimalı var. Sonra isə 1-ci ixtisas qrupudur ki, bu ixtisas qrupunda da müvafiq olaraq 11 mindən çox abituriyentin müsabiqədən kənarda qalma ehtimalı var. 2-ci ixtisas qrupunda da təxminən 11 min nəfərə yaxın abituriyentin müsabiqədən kənarda qalmaq ehtimalı gözlənilir. 4-cü ixtisas qrupunda isə təxminən 2 min nəfərə yaxın abituriyentin müsabiqədən kənarda qalacağı proqnozlaşdırılır. Digər sırada isə 5-ci ixtisas qrupudur. Burada da müvafiq müraciət edən abituriyentlərin plan yerlərinə müqayisələndirsək, təxminən hardasa 4-5 min abituriyentin də buradan müsabiqədən kənarda qalmaq ehtimalı var".

Təhsil ekspertinin sözlərinə görə, bu il 1-ci ixtisas qrupunda əsasən RK alt qrupunda ballarda artım gözlənilir.

"2-ci ixtisas qrupunda müvafiq olaraq maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika kimi ixtisaslarda ballarda artım hardasa gözlənilir. 3-cü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, pedaqoji yönümlü ixtisaslar, 4-cü ixtisas qrupunda isə tibb, stomatologiya, biotexnologiya, psixologiya kimi ixtisaslarda, 5-ci ixtisas qrupunda isə dizayn, idman istiqaməti olan ixtisaslar, ən azı bunlarda balların artımı gözlənilir. Qalan digər istiqamətlərdə isə təbii ki, ballar ötənilki və yaxud da ondan əvvəlki illərdəki kimi aşağıda formalaşa bilər və yaxud da orta göstəricidən bir qədər artıq olma ehtimalı var", - deyə Elçin Əfəndi əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən