"Plan yerlərinin artırılması balların azalması ilə nəticələnməyəcək" - Təhsil eksperti

 16:44 25.07.2025     324

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamil Talıbov bildirdi ki, birinci ixtisas qrupu üzrə imtahan verən abituriyentlərdən yalnız iki nəfər maksimal nəticə göstərib ki, bu da 400 bal deməkdir:

"Həmin iki abituriyent buraxılış imtahanında müvafiq olaraq 298 və 296.7 bal toplayıb. Bu nəticələrə əsasən demək olar ki, birinci ixtisas qrupunda ən yüksək ümumi bal 698 bal təşkil edir. Bu il birinci qrupda informatika və kimya ixtisasları ayrıca alt qruplar şəklində ayrılıb. Bu baxımdan, istər RI, istərsə də RK alt qruplarında müsabiqə şərtlərini tam yerinə yetirən, yəni buraxılış və blok imtahanlarının cəmi 200 bal olan və blok imtahanında minimum 100 bal toplamış bütün abituriyentlər dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edəcəklər. Bu alt qruplarda iştirak edən abituriyentlər üçün hər hansı ciddi problem gözlənilmir".

O qeyd etdi ki, dördüncü ixtisas qrupu üzrə isə dörd nəfər maksimal, yəni 400 bal nəticə göstərib:

"Bu abituriyentlərdən ikisi eyni zamanda buraxılış imtahanında da maksimum, yəni 300 bal toplamağa nail olub. Beləliklə, dördüncü qrup üzrə iki nəfər tam 700 bal yığıb.

Birinci ixtisas qrupunda balların artımı kəskin şəkildə gözlənilmir. Belə ki, dövlət sifarişi ilə oxumaq üçün kifayət qədər plan yeri ayrılıb və yüksək nəticə göstərmiş abituriyentlərin sayı da nisbətən azdır. Lakin dördüncü ixtisas qrupunda vəziyyət bir qədər fərqlidir. Bu qrupda xüsusilə tibb ixtisasına yönəlmiş abituriyentlər üçün vəziyyət nisbətən çətin ola bilər. Çünki burada kifayət qədər yüksək nəticə göstərmiş abituriyentlər mövcuddur. Bu da tibb, stomatologiya, ictimai səhiyyə, fizioterapiya kimi ixtisaslarda bal artımının baş verə biləcəyini göstərir".

Ekspertin sözlərinə görə, imtahan nəticələri açıqlandıqdan sonra bu qənaətə gəlmək mümkündür ki, birinci ixtisas qrupunda – istər RI, istər RK alt qruplarında ballarda ciddi dəyişiklik gözlənilmir:

"Lakin informatika və kimya ixtisasları bu ildən etibarən tam şəkildə ayrıldığı üçün ixtisas seçimi zamanı abituriyentlər daha diqqətli olmalıdırlar. Qeyd edək ki, blok imtahanında minimum 100 bal toplamış və ümumi nəticəsi 200-dən yüksək olan bütün abituriyentlər tamamilə ödənişsiz təhsil alacaqlar. Bu imkanın yaranması isə Nazirlər Kabineti və Dövlət İmtahan Mərkəzinin birinci ixtisas qrupunda – həm RK, həm də RI ixtisaslarında – həm vakant yerləri, həm də dövlət sifarişli yerləri artırması ilə bağlıdır. Bu isə bir daha göstərir ki, birinci ixtisas qrupuna hazırlaşmış və qeyd olunan şərtləri yerinə yetirmiş hər bir abituriyent dövlət hesabına təhsil ala biləcək.

Dördüncü qrup üzrə sənəd vermiş abituriyentlərlə bağlı isə qeyd etmək lazımdır ki, bu il blok imtahanlarında kifayət qədər yüksək bal toplamış abituriyentlər var. Məlumdur ki, dördüncü qrupa hazırlaşan abituriyentlərin böyük əksəriyyəti tibb ixtisasını seçir. Tibb ixtisası üzrə baş verən yeniliklərdən biri isə Qarabağ Universitetində bu ixtisas üçün 70 plan yerinin artırılmasıdır. Bu o deməkdir ki, bu il əlavə olaraq 70 abituriyent tibb ixtisası üzrə təhsil alma imkanı qazanacaq.

Lakin plan yerlərinin artırılması balların azalması ilə nəticələnməyəcək. Çünki dördüncü ixtisas qrupunda imtahan nəticələri kifayət qədər yüksəkdir və maksimala yaxın nəticə göstərən abituriyentlərin sayı çoxdur. Bu isə onu deməyə əsas verir ki, dördüncü qrup üzrə, xüsusilə tibb sahəsində müəyyən bal artımı baş verə bilər"-, deyə Kamil Talıbov sonda vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən