400 bal toplayan abituriyentin telefonu olmayıb - Mobil telefon təhsilə əngəlmi, fürsətmi?

İyulun 13-də IV ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrinə əsasən ölkə birincisi olan Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxan deyib ki, qəbul imtahanınadək mobil telefonu olmayıb.
Həqiqətən də, telefon şagirdlərin oxumasına əngəl törədirmi?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, mobil telefonlar düzgün istifadə olunmadıqda şagirdlər, abituriyentlər və ümumilikdə auditoriyalarda tədris prosesinə ciddi mənfi təsir göstərə bilər. Bu təsir əsasən telefonun hansı məqsədlə və nə qədər istifadə olunmasından asılıdır.
Bəs bu mənfi təsirlər nələrdən ibarətdir?
Rizvan Fikrətoğlu qeyd etdi ki, telefonların mənfi tərəfləri sırasında diqqətin dağılması, sosial şəbəkələrdə vaxt itkisi, davamlı mesajlaşma və oyunlara aludəçilik xüsusi yer tutur:
"Bu cür istifadə həm dərsə fokuslanmanı zəiflədir, həm də vaxt itkisinə səbəb olur. Çox zaman “bir neçə dəqiqə baxım” niyyəti ilə açılan telefon saatlarla istifadə olunur və nəticədə dərsə ayrılmalı olan vaxt boşa gedir. Bu isə zamanla asılılıq yaradır".
Müsahibimizin sözlərinə görə, digər tərəfdən, gecə saatlarında telefondan istifadə yuxu rejimini pozur və yuxunun keyfiyyətini aşağı salır.
"Bu da növbəti günün məhsuldarlığına birbaşa mənfi təsir edir. Bununla belə, mobil telefonlar düzgün və məqsədyönlü istifadə edildikdə, təhsil prosesində faydalı bir vasitəyə çevrilə bilər. Məsələn, müxtəlif təhsil tətbiqləri, elektron dərsliklər, "YouTube" platformasında təhsil məzmunlu videolar, izahlı dərslər və tapşırıq izləmə proqramları vasitəsilə abituriyentlər biliklərini möhkəmləndirə və zamanlarını daha səmərəli idarə edə bilərlər.
Əsas məsələ telefonun özünün “pis” olması deyil, onun necə və hansı məqsədlə istifadə olunmasıdır. Məsələn, 400 bal toplayan bir abituriyentin mobil telefondan uzaq qalması ona fokuslanmaq və intizamlı olmaq baxımından üstünlük qazandıra bilər. Amma başqa birisi üçün doğru və balanslı istifadə mobil telefonu öyrənməni dəstəkləyən effektiv bir vasitəyə çevirə bilər. Nəticə etibarilə, mobil telefonlar təhsilə ya köməkçi, ya da əngəl ola bilər – bu, tamamilə istifadəçinin öz seçimindən asılıdır",- deyə Rizvan Fikrətoğlu vurğuladı.
Nuriyyə NATİQQIZI