"Hər bir universitet özü müstəqil şəkildə öz proqramını müəyyən etməlidir" - Vüsal Kərimli

 15:19 29.07.2025     556

"Bu proses xeyli müddətdir ki, davam edir. Düşünürəm ki, ümumi standart nümunəvi təhsil proqramının hazırlanması artıq keçmişdə qalmış bir təcrübədir".

Bu fikirləri Redaktor.az-a  təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli Azərbaycanda yeni ali təhsil proqramlarının hazırlanmasına münasibət bildirərkən dedi.

"Hər bir universitetin özü-özlüyündə müstəqil təhsil proqramının olması daha məqbul hesab edilərdi. Hər bir universitet özü müstəqil şəkildə öz proqramını müəyyən etməlidir, bu, dünya təcrübəsində də belədir. Məsələn, biz hər hansısa bir Avropa universitetində tədris edilən ixtisas üzrə təhsil proqramlarının digər universitetdə eynisini görə bilmərik. Hər bir universitet öz keyfiyyətini bununla ortaya qoyur ki, mənim hazırladığım proqramın nəticəsi daha uğurludur. Belə olsa doğrudan da təhsilin keyfiyyətində ciddi şəkildə həm rəqabət yaranmış olardı, həm də ən yaxşı keyfiyyətli təhsil proqramı ilə universitet nəticə göstərərdi", - deyə o, qeyd etdi.

Mütəxəssis bildirdi ki, Azərbaycanda hazırda bu məsələ ümumi hazırlanan bir prosesdir.

"Mərkəzi universitetlərdə həmin təhsil proqramlarının yüksək səviyyədə, yaxud da orta səviyyədə hazırlanması prosesi imkanı olduğu halda, regional universitetlərdə bu olmaya bilər. Universitetlərə ayrılıqda müstəqillik verilməli idi ki, öz təhsil proqramlarını özləri hazırlasınlar", - deyə Vüsal Kərimli vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən