Az bal toplayan abituriyentlər nə etməlidir? - Təhsil eksperti AÇIQLADI

 16:03 29.07.2025     230

İxtisas seçimi mərhələsinə az qalıb. Bu il yüksək nəticə göstərən abituriyentlərlə yanaşı, gözlədiyindən daha az bal toplayan gənclər də var. Bu halda bəziləri üçün xaricdə attestatla təhsil almaq bir alternativ kimi gündəmə gəlir. Lakin qeyd edilməlidir ki, bəzən attestatla qəbul olunan bəzi xarici universitetlərin diplomları Azərbaycanda rəsmi şəkildə tanınmaya bilir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, ixtisas seçimi dövrü abituriyentlərin həyatında ən həlledici mərhələlərdən biridir. Onun fikrincə, bu mərhələdə yüksək bal toplayanlar qədər aşağı nəticə əldə edən gənclərin də gələcəyi diqqətlə yönləndirilməlidir:

"Son illərdə aşağı bal toplayan bir çox abituriyent və valideyn xaricdə attestatla təhsil imkanlarını araşdırır. Lakin bu zaman yalnız “oxumaq” deyil, “harada və necə oxumaq” sualları da əsas götürülməlidir. Bəli, bəzi ölkələrdə, xüsusilə Şərqi Avropa və Asiya regionunda attestatla qəbul mümkün olduğu üçün bu seçim cazibədar görünə bilər. Ancaq burada iki əsas riski nəzərə almaq vacibdir: birincisi, həmin universitetlərin təhsil keyfiyyəti; ikincisi isə alınan diplomun Azərbaycan Respublikasında tanınma ehtimalı.

Təəssüf ki, bir çox hallarda abituriyentlər və valideynlər yalnız qəbul almaq hissi ilə hərəkət edir, ali təhsil müəssisəsinin statusu, akkreditasiyası və beynəlxalq tanınması kimi meyarları ikinci plana keçirirlər. Bu da son nəticədə diplomun Azərbaycanda tanınmaması və gəncin əmək bazarında çətinliklərlə qarşılaşması ilə nəticələnir. Təhsildə strateji yanaşma vacibdir".

Ekspert qeyd etdi ki, əgər xaricdə attestatla təhsil planlaşdırılırsa, mütləq şəkildə əvvəlcədən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təqdim etdiyi diplomların tanınması qaydaları və konkret universitetlər üzrə mövcud təcrübə araşdırılmalıdır.

"Paralel olaraq, həmin ölkədə universitetin yerli və beynəlxalq akkreditasiyası, müəllim heyəti, tədris dili, təcrübə imkanları və məzunların karyera perspektivləri də öyrənilməlidir.

Az bal toplayan abituriyentlər üçün alternativ olaraq həm də yerli peşə təhsili müəssisələri, qısamüddətli proqramlar və ya gələcəkdə yenidən imtahan verərək daha məqsədyönlü ixtisasa yönəlmək də ciddi şəkildə nəzərdən keçirilməlidir. Yəni attestatla xaricdə oxumaq çıxış yolu olsa da, o, avtomatik olaraq düzgün seçim anlamına gəlmir.

Yekun olaraq demək olar ki, bu mərhələdə emosional deyil, riyazi və strateji yanaşma tələb olunur. Gənclərin gələcəyi təkcə bu il üçün yox, növbəti onilliklər üçün düşünülməlidir. Diplomun yalnız varlığı deyil, onun harada və necə əldə edildiyi önəmlidir", - deyə Əmrah Həsənli fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən