Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır

 15:35 29.07.2025     179

Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ yanaşmaların təşviqi istiqamətində növbəti addım atılıb. Universitetin yeni elmi təşəbbüsü çərçivəsində iki yeni tədqiqat institutu yaradılır.

Universitetdən Redaktor.az-a verilən məlumata görə, yeni yaradılan Tədqiqat və İnkişaf İnstitutunun əsas məqsədi regionun spesifik imkan və ehtiyaclarını nəzərə alaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, həmçinin dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılmasıdır. Bununla yanaşı, institut bu istiqamətlərdə ixtisaslaşmış elmi kadrların hazırlanmasını da öz fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihəyə Ramil Həsənov rəhbərlik edir. O, ali təhsilini Azərbaycanda və İspaniyada alıb. R.Həsənov həmçinin Avropa və Asiyanın müxtəlif ölkələrində, o cümlədən “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” kimi qabaqcıl şirkətlərində elmi-praktiki təcrübə toplamış təcrübəli tədqiqatçıdır.

MDU-da yaradılan digər elmi müəssisənin - Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun əsas məqsədi süni intellekt texnologiyalarının regionda tətbiqi və inkişafı, rəqəmsal transformasiya proseslərinin elmi əsaslandırılması, eləcə də bu sahədə çoxşaxəli tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş müxtəlif sahələrdə – iqtisadiyyat, sənaye, təhsil və digər sektorlarda süni intellektin tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin icrası universitetin İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayevaya həvalə olunub. O, Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində ixtisaslaşmış tanınmış tədqiqatçılardandır.

MDU-da iki yeni institutun yaradılması elmi tədqiqat imkanlarının genişləndirilməsinə, rəqəmsallaşma və innovasiya mərkəzli yanaşmaların inkişafına, həmçinin beynəlxalq səviyyədə tanınan elmi mühitin formalaşdırılmasına xidmət edəcək.

222
Vumart və Güvən reklamı Vumart Güvən