"Azərbaycanlı ailələr övladlarını Azərbaycan dilli məktəblərə yönəltməlidirlər" - Elçin Əfəndi

 17:39 30.07.2025     1490

Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət dili kimi təsbit olunan Azərbaycan dili, ölkədə yaşayan hər bir vətəndaş üçün əsas kommunikasiya və təhsil vasitəsidir. Son illərdə bəzi valideynlərin övladlarını rus bölmələrinə yönəltməsi və bu prosesdə Azərbaycan dilinin mənimsənilməsinin arxa plana keçməsi müəyyən suallar doğurur. Məsələ təkcə dil məsələsi deyil, həm də milli kimlik, təhsil keyfiyyəti və gələcək nəsillərin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət dilinin tədrisinin bütün bölmələrdə yüksək səviyyədə aparılması və vətəndaşların bu istiqamətdə daha məsuliyyətli yanaşma nümayiş etdirməsi vacibdir.

Bəs rus bölmələrində Azərbaycan dilinin təhsili hansı səviyədədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, rusdilli məktəblərdə Azərbaycan dilinin tədrisi, əlbəttə ki, vacibdir:

"Ölkəmizin Konstitusiyasında vahid dövlət dili kimi yalnız Azərbaycan dili təsbit olunub. Alternativ və ya ikinci dil anlayışı mövcud deyil. Yəni dövlət səviyyəsində yalnız bir rəsmi dil - Azərbaycan dili vardır. Buna görə də, ölkənin istənilən bölməsində təhsil almasından asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı statusunu daşıyan hər bir şəxs Konstitusiyada təsbit olunmuş doğma dili ana dili olan Azərbaycan dilini mütləq öyrənməlidir və bu dildə bilik və bacarıqları formalaşdırmalıdır".

Rusdilli məktəblərdə dərslərin keyfiyyətinə gəldikdə isə, həmsöhbətimiz dedi ki, burada bölmələr arasında fərq qoyulmur:

"İstər rus, istər gürcü, istərsə də ingilis bölməsi olsun – bunlar yalnız vətəndaşların seçiminə əsaslanan istiqamətlərdir. Halbuki əslində bu bölmələr əsasən azsaylı xalqlar, məsələn, ölkəmizdə yaşayan slavyanlar, gürcülər və digər millətlər üçün nəzərdə tutulub ki, onlar təhsil imkanlarından istifadə edə bilsinlər. Bu da dövlətin təhsil sahəsində və ümumilikdə digər istiqamətlərdə tolerant və inklüziv siyasətinin bir göstəricisidir".

Ekspertin sözlərinə görə, Azərbaycan dilinin tədrisindən imtina edilməsi və ya onun keyfiyyətinin aşağı tutulması anlamına gəlmir.

"Əksinə, həmin bölmələrdə təhsil alan vətəndaşlar maksimum səylə doğma dillərini - Azərbaycan dilini öyrənməlidirlər. Təəssüf ki, son dövrlərdə bəzi azərbaycanlı ailələrdə belə hallar müşahidə olunur: ailə üzvləri rus dilini bilməsələr də, uşaqlarını mütləq şəkildə rus bölməsinə yönəldirlər və bununla da uşağın həmin dili öyrənməsini əsas gətirirlər. Nəticədə isə uşaq nə rus dilini, nə də Azərbaycan dilini yetərincə mənimsəyə bilir. Bu isə olduqca yanlış yanaşmadır və uşağın gələcəkdəki təhsil göstəricilərinə, qərar qəbuletmə bacarığına mənfi təsir göstərir.

Bu səbəbdən düşünürəm ki, valideynlər bu amilləri ciddi şəkildə nəzərə almalı və azərbaycanlı ailələr ilk növbədə övladlarını Azərbaycan dilli məktəblərə yönəltməlidirlər ki, gələcəkdə onların təhsilində hər hansı axsamalar baş verməsin",- deyə sonda E.Əfəndi bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən