Plan yeri az, abituriyent çox: Bəs kimlər tələbə olacaq? - AÇIQLAMA

 17:55 30.07.2025     4425

"Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib ki, 60 489 plan yeri üzrə 126 918 abituriyent qeydiyyatdan keçib.

Bəs qalan abituriyentlərin aqibəti necə olacaq? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Süleymanov qeyd etdi ki, hər il Dövlət İmtahan Mərkəzinin kontingentindən müraciət edən abituriyentlərin təxminən yarısı tələbə adını qazanır:

"Digər yarısı üçün isə müxtəlif alternativlər mövcuddur. Bu alternativlərin bir hissəsi kolleclərdə yəni, subbakalavr təhsili almaq imkanı şəklində təklif olunur. Bu, təxminən 15-20 min abituriyent deməkdir. Təxminən 10 min nəfər isə peşə məktəblərinə yönləndirilir. Yəni dolayısı ilə hər il məzun olan təxminən 100 minə yaxın şagirdin və nəzərə alsaq ki, bir hissəsi əvvəlki illərin məzunlarıdır — ümumilikdə 70-80 min nəfəri müəyyən bir təhsil pilləsində öz inkişaf prosesini davam etdirir. Bu zaman təxminən 25-30 min şagird isə prosesdən kənarda qalır. Bu gənclərin təhsildən kənarda qalmasının obyektiv və subyektiv səbəbləri var. Bunlara təhsil almaq istəməməsi, zəif təhsil bacarıqları və potensialı, ailə vəziyyəti, xüsusilə də ucqar bölgələrdə qızların oxumasına qoyulan məhdudiyyətlər, erkən ailə həyatı və s. aid edilə bilər. Bu cür hallar yalnız Azərbaycana deyil, bənzər inkişaf səviyyəsində olan bir çox ölkələrə də xasdır. Belə gənclərin məşğulluğuna dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi mümkündür. Məsələn, özünüməşğulluq proqramları, kənd təsərrüfatı və digər sahələrin inkişafına yönəlmiş layihələr bu istiqamətdə faydalı ola bilər. Çünki əmək qabiliyyətli gənclər nə qədər çox iqtisadi fəaliyyətlə məşğul olsalar, bu, həm onların özlərinə, həm ailələrinə, həm də ölkə iqtisadiyyatına ciddi töhfə verəcək".

Ekspertin sözlərinə görə, bu sahədə əsas rol peşə təhsili müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumlarına düşür. E.Süleymanov qeyd etdi ki, xüsusilə Dövlət Məşğulluq Agentliyi bu istiqamətdə bir sıra önəmli addımlar atmaqdadır.

"Peşə kursları, müxtəlif sahələr üzrə təlimlər təşkil olunur və bu təlimlər nəticəsində gənclərə iş qurmaqda dəstək mexanizmləri təklif edilir. Qeyd olunmalıdır ki, Dünya Bankının Azərbaycanda uğurla icra etdiyi məşğulluğa dəstək layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi indiyə qədər 20-30 minə yaxın şəxsə məşğulluq imkanı qazandırıb. Yəni, qeyd etdiyim kimi, əslində kifayət qədər imkanlar mövcuddur. Sadəcə olaraq universitetə və ya kollecə qəbul olmayan gənclər bu alternativ imkanlardan yararlanmalı, peşə kurslarına qoşulmalı, fərqli sahələr üzrə bacarıqlar qazanmalı və bu kvalifikasiya ilə əmək fəaliyyətlərini davam etdirməlidirlər", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən