Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ

Yaxın zamanlarda abituriyentlərin ali təhsil müsəssisələrinə qəbul olmaları üçün ixtisas seçimi başlayacaq.
Bəs ixtisas seçimi zamanı abituriyentin istəyi önəmli olmalıdır, yoxsa mütəxəssis tövsiyəsi ilə bazar iqtisadiyyatına uyğun ixtisas seçilməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, abituriyentlər ixtisas seçimini həyata keçirərkən əmək bazarına uyğunluq, bazar iqtisadiyyatına inteqrasiya rahatlıqla müəyyənləşdirməli və ona görə ixtisas seçimini həyata keçirməlidir:
"Mövcud bala görə uyğun ixtisasların seçimini həyata keçirərkən də bir az diqqətli olmaq arzuolunandır. Məsələn, abituriyent 3-cü ixtisas qrupunda 250-300 bal arası bal toplayıb və baxır ki, fəlsəfə ixtisasına qəbul ola bilər. Amma təəssüflər olsun ki, hal-hazırda fəlsəfə ixtisası əmək bazarında demək olar ki, yox səviyyəsindədir və əmək bazarında bunun iş imkanları məhduddur. Bu tipli ixtisasları seçim etməkdənsə abituriyentə ödənişli əsaslarla o bala uyğun daha yaxşı ixtisasları seçim etməyi tövsiyə olunandır. Hətta bəzən abituriyentə baxırsan ki, 400 balla, 450 balla fəlsəfə ixtisasını və yaxud da digər ixtisasları dövlət sifarişli əsaslarla seçim eləyir. Abituriyent 400 balla dövlət sifarişini seçib, ali təhsil müəssisəsini bitirdikdən sonra iş imkanları əldə edə bilməyəcəksə, onun dövlət sifarişi olması abituriyent üçün çox da böyük bir şey dəyişmir. Düşünürəm ki, dörd il müddətində abituriyent dövlət sifarişli oxuyacaq, amma bitirdikdən sonra əmək bazarında hər hansı bir mövqe tuta bilməyəcək. Əgər tuta bilməyəcəksə, əlbəttə ki, o ixtisası seçməsi tövsiyə olunan deyil. Çox təəssüflər olsun ki, bəzən abituriyentlər özləri seçim eləyirlər və seçim etdikləri təqdirdə qeyd olunan ixtisasları diqqətə almırlar, öz bildikləri formada seçimi həyata keçirirlər. Amma ali təhsil müəssisəsini bitirdikdən sonra bazar iqtisadiyyatına uyğun olmayan ixtisasa qəbul olduğu üçün iş imkanları əldə edə bilmirlər. Bu da əlbəttə ki, həmin abituriyentin gələcək karyerasına müəyyən qədər mənfi təsir göstərir".
Ekspert vurğuladı ki, abituriyent hal-hazırda əmək bazarına daha çox iş imkanlarına malik olan ixtisasları seçim edərsə, lap ödənişli əsaslarla oxuyarsa, dörd il müddətində ödəniş ödərsə belə, ondan sonrakı karyerasında müəyyən bir mövqe tuta bilər, əmək bazarında iş imkanları əldə eləyə bilər və ödədiyi o ödənişin bəlkə də böyük bir qatını işləyərək çıxara bilər.
"Ona görə də abituriyentlərə tövsiyəmiz, dövlət sifarişli və yaxud ödənişli əsaslarla əmək bazarına uyğun olmayan, əmək bazarında iş imkanları məhdud olan ixtisasların seçiminə üstünlük verməməlidirlər. Üstünlüyü daha çox əmək bazarına uyğun ixtisaslara vermələri daha çox tövsiyə olunandır. Məsələn 1-ci qrupda kompüter yönümlü ixtisaslar, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi kimi ixtisaslar gələcək perspektivli ixtisaslar kimi hesab olunur və əmək bazarında müəyyən mövqe tutma imkanlarına malikdir. 2-ci qrupda maliyyə, iqtisadiyyat yönümlü ixtisaslar, əmək bazarında logistika ixtisasları, beynəlxalq ticarət və logistika ixtisasları əmək bazarında müəyyən bir mövqe tutacaq potensiala malik ixtisaslar hesab olunur. 3-cü ixtisas qruplarında hüquqşünaslıq ixtisasıdır, dövlət və ictimai münasibətlər, dövlət təhlükəsizliyi yeni açılan ixtisasdır, sosial iş ixtisası, pedaqoji ixtisaslar rahatlıqla iş imkanları əldə eləyə biləcək ixtisaslar sırasına daxildir. 4-cü qrupda tibb ixtisası, psixologiya ixtisası, biotexnologiya ixtisası prespektivlidir", - deyə R.Nurəliyev bildirdi.
Müsahibimizin sözlərinə görə, əgər abituriyent əmək bazarında təlabata uyğun ixtisasların seçimində çətinlik çəkirsə, bunu mütləq hər hansı bir təhsil ekspertləri ilə, təhsil mütəxəssisləri ilə məsləhətləşməlidir.
"Təhsil mütəxəssisləri bu işin mütəxəssisi hesab olunur. Abituriyent özü tərəddüddə qalıbsa və yaxud da bu istiqamətdə məlumatlı deyilsə, müəyyən dəstək ala bilər, tanıdıqlarından, qohumlarından, yaxınlarından və yaxud da sosial platformalarda təhsil mütəxəssislərinə müəyyən suallar ünvanlayıb, onlardan lazım cavabları əldə eləyə bilər".
Aytəkin TOFİQQIZI