Dövlət Komitəsi sədrinin direktor qayınanası ilə bağlı araşdırma aparılacaq - RƏSMİ

 15:35 31.07.2025     1022

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

Qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimləri təhqir edən səs yazısı yayılıb.

Sözügedən məktəbin ingilis dili müəllimi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib. 

Mətbuatın yazdığına görə, Zemfira Məsiyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanasıdır.

Vumart və Güvən reklamı Vumart Güvən