Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? - RƏSMİ CAVAB

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük veriləcək. Bəs müəllimin faktiki yaşadığı ərazidəki məktəblərdə vakant yer yoxdursa, bu halda onun alternativ seçim imkanı olacaqmı?
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu suala Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” verilişində cavab verib.
O qeyd edib ki, bəzi hallarda bu cür müraciətlər daxil olur:
“Mümkündür ki, həmin ərazidəki məktəbdə vakant yer olmasın. Amma bu, ümumiyyətlə, vakant yerin olmadığı anlamına gəlmir. Onlar seçim vaxtı həm faktiki yaşadıqları ərazidə, həm də digər ərazilərdəki vakant yerləri görə biləcəklər”.
Nurlan İsmayılbəyli əlavə edib ki, təhsilin əsas məqsədlərindən biri dayanıqlı, peşəkar müəllim kadrlarının formalaşdırılmasıdır. Bu məqsədlə 2022-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesi başlayıb. Bu prosesdə yüksək nəticələr göstərərək onu uğurla tamamlamış və növbəti 5 il ərzində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ qazanmış müəllimlər var.
O bildirib ki, təhsilverənlərin rifahının, iş şəraitinin və daha çox şagirdə keyfiyyətli təhsilin verilməsinin təmini üçün sistemli addımlar atılır:
“Bəzən müəllimlərdə belə bir fikir formalaşır ki, iş yerini dəyişən və ya sertifikatlaşdırma prosesində uğur qazana bilməyənlərin yerinə dərhal müəllim qəbul olunmalıdır. Bizim yanaşmamız isə fərqlidir”.
O, bəzi bölgələrdə fərqli halların müşahidə olunduğunu diqqətə catdıraraq deyib ki, bəzən bir məktəbdə 4-5 müəllim ştatı olsa da, orada 20 müəllim işləyir. Bu isə həmin müəllimlərin rifahının, eyni zamanda təhsilin keyfiyyətinin yüksəlməsini çətinləşdirir: “Əgər bu müəllimlər uğur qazana bilmirlərsə, bu, o demək deyil ki, onların yerinə dərhal başqa müəllim qəbul edilməlidir. Bu baxımdan vakant yerlər real ehtiyac əsasında, sistemli və strateji yanaşmaya əsasən müəyyən olunmalıdır. Əgər vakant yerlər üzrə rəqabət olmazsa, biz bu yolu davam etdirə bilmərik”.