Direktor səsləri: Aqressiya varsa, peşəkarlıq yoxdur - Təhsil eksperti

 18:45 04.08.2025     178

Son zamanlar sosial şəbəkələrdə və media platformalarında tez-tez məktəb direktorlarının şagirdlərə və müəllimlərə qarşı kobud, aqressiv və bəzən də təhqiramiz davranışlarını əks etdirən səs yazılarına rast gəlinir.

Bu aqressiv davranışların artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a fikirlərini bildirən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, məktəb direktorlarının bu cür davranışları sadəcə onlara məxsus deyil, bu, ümumi ictimai problemdir:

"İnsanlar bəzən səhv etməyə məcbur qalır, bəzən də bu səhvlərə təşviq olunurlar. Bu da onlarda özlərinə qarşı etibar, etimad və hörmət hisslərini zəiflədir. Nəticədə, aqressiv davranış sərgiləyən rəhbərlərin tabeliyində olanlar da eyni münasibəti göstərməyə başlayır".

Ekspertin sözlərinə görə, aqressiya psixoloji cəhətdən araşdırılması vacib bir durumdur:

"Valideyn övladına, övlad yoldaşına, müəllim şagirdə, məktəb rəhbəri müəllim və şagirdə, hətta həkim xəstəsinə qarşı aqressiya göstərir. Əgər bir insan emosiyalarını peşəkar şəkildə idarə edə bilmirsə, deməli, vəzifəsini də düzgün icra edə bilmir. Bu düşüncəni cəmiyyətdə yaymalı, emosional balans və hisslərin idarəsini vacib bacarıq kimi qəbul etdirməliyik.

Bəzən belə fikirlər səslənir ki, “bu cəmiyyət yalnız sərt dildən anlayır” və ya “şagirdlər ancaq bu dildə başa düşür”. Bu yanaşma qəbuledilməzdir. Kim olur-olsun rəhbər, müəllim və ya valideyn əgər aqressiya göstərirsə, deməli, öz işini layiqincə yerinə yetirə bilmir. Düşünürəm ki, bu fikri cəmiyyətdə kökləndirə bilsək, vəziyyət dəyişə bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən