"Bu, köhnə və qeyri-effektiv idarəetmə mədəniyyətinin qalığıdır" - Açıqlama

 16:20 04.08.2025     88

Bir müddət əvvəl müxtəlif səbəblərdən ard-arda məktəb direktorlarının fəaliyyətinə son verilirdi. Son günlər isə direktorların səs yazılarının yayılma məsələsi gündəmdədir.

Ümumiyyətlə, direktorlar nəyə arxalanaraq belə davranışlar sərgiləyirlər?

Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bəzi direktorların onlara məxsus olduğu iddia edilən səs yazıları sosial şəbəkələr və mediada yayılır.

"Bu səs yazılarında təhqiredici, qeyri-etik və ya idarəetmə baxımından narahatlıq doğuran ifadələr yer alır. Belə hallar cəmiyyətin, xüsusilə də valideynlərin və təhsil ictimaiyyətinin haqlı narahatlığına səbəb olur. Bu vəziyyəti bir neçə məqam aktuallaşdırır. Məsələn, təhsil rəhbərlərinin məsuliyyət daşıması, etik davranışı yenidən gündəmə gəlir. Rəqəmsal sübutların səs yazılarının, videoların hüquqi əsası və onların necə araşdırılmalı olduğu müzakirə edilir.  Bu cür hallar təhsil sistemində etimadın qurulması üçün ciddi şəkildə araşdırılmalıdır və qanuni əsaslarla nəticə çıxarılmalıdır".

Müsahibimiz vurğuladı ki, direktorların seçimi, təyinatı və davamlı olaraq qiymətləndirilməsi proseslərinin də daha şəffaf və obyektiv şəkildə aparılması vacibdir.

"Ümumiyyətlə direktorların bəzi hallarda etdiyi etikaya zidd və səlahiyyətlərini aşan davranışlar sərgiləməsi adətən bir neçə əsas səbəbə yaxud da dayağa arxalanmaqla izah oluna bilər. Bununla bağlı qanunvericilikdəki boşluqlar da var. Əgər təhsil sistemində rəhbər vəzifəli şəxslərə qarşı ciddi nəzarət mexanizmləri və cəza tədbirləri tətbiq olunmursa, bəzi direktorlar bu vəziyyətdən sui-istifadə edərək etik normaları pozurlar. Bəzən direktorlar avtoritar, daha doğrusu idarəetmə tərzini normativ sayır, müəllim və işçilərə qarşı hörmət əsasında deyil, qorxu və itaət üzərindən ünsiyyət qururlar. Bu, köhnə və qeyri-effektiv idarəetmə mədəniyyətinin qalığıdır. Əvvəllər oxşar halların baş verdiyi, amma həmin direktorun cəzasız qaldığı nümunələr də olurdu. Bu başqaları üçün problem olmayacaq mesaj verilirdi. Bu da etik olmayan davranışlara meydan açır. Məktəbdaxili qarşıdurma və şəxsi münasibətlər də burada rol oynayır. Bəzən direktorlarla müəllimlər arasında şəxsi zəmində yaranan gərginliklər də aqressiv və qeyri-etik davranışlara səbəb olur. Lakin bu, heç bir halda qəbul olunan əsas ola bilməz. Nəticədə direktor vəzifəsi həm təşkilati, həm də mənəvi baxımdan çox məsuliyyətlidir. Direktorların belə davranışlar sərgiləməsi təhsilin keyfiyyətinə, məktəblərdəki psixoloji iqlimə və ümumilikdə cəmiyyətin təhsil sisteminə olan inamına zərbə vurur. Bu səbəbdən təhsil rəhbərlərinin seçimi, etik kodeksi və daimi qiymətləndirilməsi gücləndirilməlidir. Heç bir məktəb direktorunun müəllimləri kiçik görmək, aşağılamaq və ikinci dərəcəli kimi yanaşmaq haqqı yoxdur".

Təhsil ekspertinin sözlərinə görə, bu, həm etik, həm də hüquqi baxımdan qətiyyən yolverilməzdir:

"Yəni müəllimlərə qarşı hörmətsizlik bir çox prinsipləri pozur. Azərbaycan Respublikasının Təhsil haqqında qanununda açıq şəkildə göstərilir ki, təhsil müəssisələrində çalışanlar qarşılıqlı hörmət və əməkdaşlıq mühiti əsasında fəaliyyət göstərməlidirlər. Direktorun müəllimə qarşı aşağılayıcı və təhqiredici münasibəti qanun pozuntusudur. İş yerində şəxsin ləyaqətinin alçaldılması, hörmətsizlik, psixoloji təzyiq əmək qanunvericiliyi ilə qadağandır və buna yol verən rəhbər şəxs məsuliyyət daşıyır. Ümumiyyətlə, direktor məktəbin təşkilati və pedaqoji rəhbəridir. Onun başlıca vəzifəsi odur ki, müəllimləri ruhlandırsın, onlara şərait yaratsın və məktəbin ümumi inkişafına rəhbərlik etsin. Müəllimi kiçik görmək rəhbərin zəifliyinin, etik yetərsizliyinin və idarəetmə savadsızlığının göstəricisidir. Belə hallarla qarşılaşan müəllim nə edə bilər? Elm və Təhsil Nazirliyinə yaxud da rayon təhsil sektoruna yazılı müraciət edə bilər. Təhsil işçiləri həmkarlar ittifaqına şikayət edə bilər. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi tədbirlərə başlaya bilər. Əgər təhqir və yaxud ləyaqətin alçaldılması faktı sübuta yetirilərsə, bu, məhkəmə çəkişməsinə qədər gedib çıxa bilər. Ümumiyyətlə məktəb direktoru heç bir halda müəllimi aşağılamamalıdır. Direktor-müəllim münasibətləri əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmalıdır".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən