"Peşə təhsili üzrə təhsil haqlarının artırılması qərarına yenidən baxılmalıdır" - Millət vəkili

"Peşə təhsili ilə bağlı qərarlar ciddi və hərtərəfli təhlil edilməlidir. Bu, sadə məsələ deyil. İllərdir peşə və ali təhsil müəssisələri arasında təhsil haqları baxımından fərq olub və insanlar, adətən, daha çox ali təhsilə yönəliblər. Bu səbəbdən düşünürəm ki, iki təhsil pilləsi arasında ödəniş fərqi saxlanmalıdır. Təhsil haqlarının eyni səviyyəyə çatdırılması düzgün deyil və bu, gələcəkdə real problemlər yarada bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov peşə məktəblərində birillik təhsil haqqının 1800-2000 manata kimi qaldırılmasından danışarkən bildirdi.
"Peşə təhsilinə üz tutanların müəyyən hissəsi aztəminatlı ailələrdən olan gənclərdir. Bu kateqoriyadan olan insanlar üçün yüksək təhsil haqqı böyük maneədir. Əgər qiymətlər bu şəkildə qalxarsa, bu, həmin gənclərin təhsil alma imkanlarını məhdudlaşdıracaq və peşə təhsilinə marağın azalmasına səbəb olacaq. Nəticədə, sosial narazılıq yaranacaq".
Millət vəkili hesab edir ki, peşə təhsili üzrə təhsil haqlarının artırılması qərarına yenidən baxılmalı, bu sahəyə marağı artırmaq üçün daha əlçatan və ədalətli mexanizmlər yaradılmalıdır.
"Əsas məqsədimiz peşə təhsilinə meyli təşviq etmək, daha çox gəncin yönəlməsinə şərait yaratmaq deməkdir. Bunun üçün ciddi və real addımlar atmalıyıq", - deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırdı.
Xədicə BAXIŞLI