Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidirlər? - Təhsil eksperti

 17:30 04.08.2025     144

"Abituriyentlərin ixtisas seçimi mərhələsi onların həyatında həlledici rola malikdir və bu mərhələdə verilən qərarlar gələcək karyera, iqtisadi sabitlik, şəxsi inkişaf və peşə məmnuniyyətinə birbaşa təsir göstərir. Təəssüf ki, Azərbaycanda bu seçim çox zaman emosional qərarlarla, sosial stereotiplərlə və ya qeyri-real gözləntilərlə müşahidə olunur. Buna səbəb isə sistemli marifləndirmə işlərinin aparılmaması, ixtisaslar üzrə əmək bazarının real tələblərinin cəmiyyətə çatdırılmaması və məktəblərdə peşə istiqamətlənməsi mexanizmlərinin zəif olmasıdır. İxtisas seçimi yalnız balla və ya universitetin ad-sanına əsaslanaraq edilməməlidir. Bu mərhələdə nəzərə alınmalı bir sıra strateji və praktiki faktorlar mövcuddur".

Bu fikirləri Redaktor.az-a abituriyentlərin düzgün ixtisas seçimindən bəhs edən təhsil eksperti Kamran Əsədov bildirdi. Onun sözlərinə görə, abituriyent öz maraqlarını, meyllərini və qabiliyyətlərini düzgün dəyərləndirməlidir:

"“Təhsil haqqında” Qanunun 5.1.2-ci maddəsində qeyd olunur ki, hər kəsin “öz maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təhsil almaq hüququ var.” Bu o deməkdir ki, abituriyentlər yalnız yüksək bal və ya cəmiyyətin prestijli hesab etdiyi ixtisaslara görə seçim etməməlidirlər. Şəxsi maraq və uyğunluq peşə həyatında uzunmüddətli məmnuniyyətin və uğurun əsas təminatçısıdır. Misal üçün, texniki yönümlü bir ixtisası seçən, lakin humanitar sahəyə meylli olan bir gənc universiteti vaxtsız tərk edə, yaxud peşəsindən narazı ola bilər. Bu, ölkədə son illər müşahidə olunan “karyera uyğunluğu olmayan məzunlar” problemini daha da dərinləşdirir.

Digər vacib məqam əmək bazarının tələblərinin və ixtisasın gələcək perspektivlərinin təhlilidir. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair hesabatında qeyd olunur ki, ölkədə ali təhsilli işsizlərin 23%-i sosial-humanitar ixtisaslar üzrə təhsil almış şəxslərdir. Bu isə deməyə əsas verir ki, tələbə ixtisas seçərkən təkcə universitetə qəbul olunma ehtimalını deyil, həm də həmin sahədə iş tapma imkanlarını və əməkhaqqı perspektivlərini nəzərə almalıdır. Məsələn, informasiya texnologiyaları, süni intellekt, tibb və kənd təsərrüfatı mühəndisliyi kimi sahələr hazırda həm yerli, həm də beynəlxalq bazarda yüksək tələbat görür".

Mütəxəssis həmçinin qeyd etdi ki, abituriyentlər seçdikləri ixtisasın təhsil müddətinə, təhsil formasına (əyani/qiyabi), təhsil dilinə və təhsil haqqına da diqqət yetirməlidirlər:

"Məsələn, bəzi universitetlərdə eyni ixtisas həm Azərbaycan, həm də ingilis dilində tədris olunur, lakin ingilis dilli proqramlar üçün tələb olunan minimal bal daha yüksək olur və təhsil haqqı da baha olur. Bundan əlavə, həmin proqramlarda tədris keyfiyyəti, beynəlxalq təcrübə imkanları və təhsil müddətində təcrübə proqramlarının mövcudluğu da fərqlənir. Bu detalları araşdırmadan edilən seçimlər gələcəkdə təəssüf doğura bilər. Valideynlərin rolu və müdaxiləsi də ciddi diqqət tələb edən məsələdir. Çox zaman abituriyentlər ailə təzyiqi ilə onların maraq göstərmədiyi, lakin ailənin “təhlükəsiz” hesab etdiyi ixtisasları seçirlər. Bu isə sonradan təhsildən soyuma, depressiya, hətta universiteti yarımçıq tərk etmə ilə nəticələnir. Elm və Təhsil Nazirliyi bu problemə qarşı məktəblərdə peşə yönümlü təlimatların verilməsini və valideynlərlə fərdi məsləhətləşmələri təşviq etməlidir. Lakin bu istiqamətdə heç bir ardıcıl siyasət və sistemli proqram həyata keçirilmir. Nazirliyin bu məsələdə passivliyi abituriyentlərin kütləvi şəkildə səhv seçim etməsinə və dövlətin təhsil resurslarının səmərəsiz istifadəsinə səbəb olur.

Nəticə olaraq, ixtisas seçimi mərhələsində abituriyentlər çoxşaxəli düşünməli, yalnız emosional və subyektiv səbəblərlə deyil, peşə yönümlü, iqtisadi əsaslı və perspektivli yanaşmalarla qərar verməlidirlər. Elm və Təhsil Nazirliyi isə bu mərhələdə informasiya boşluqlarını doldurmalı, peşə istiqamətlənməsi üzrə məktəblərdə məsləhət sistemləri qurmalı, əmək bazarının real tələbləri ilə təhsil sistemini uzlaşdırmalı və valideynləri maarifləndirməlidir. Əks halda, hər il minlərlə gənc yanlış ixtisas seçimi nəticəsində ya işsiz qalacaq, ya da diplomlu işsizlər ordusuna qoşulacaq. Seçim yalnız qəbul olunmaq üçün deyil, gələcək uğurun başlanğıcı kimi edilməlidir",- deyə K.Əsədov sonda vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən