"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - Elşən Qafarov

Peşə məktəblərində illik təhsil haqqı 1800-2000 manata kimi qaldırılıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu gün müəyyən peşə sahələri üzrə böyük tələbat var və əmək bazarında bu peşələrə ehtiyac hiss olunur:
"Mənim yanaşmam belə deyil ki, bu peşə məktəbidir deyə, burada təhsil haqqı ucuz olmalıdır. Əsas məsələ, işçi kadrın necə hazırlanmasıdır yəni, əmək bazarına çıxıb, tələb olunan səviyyədə işləmək bacarığına malik mütəxəssislər yetişdirilirmi? Mən arzulayardım ki, bizim peşə təhsili müəssisələri kadr hazırlığı baxımından elə bir səviyyəyə yüksəlsinlər ki, bu sahəyə münasibət də dəyişsin. Bir neçə universitet istisna olmaqla ali təhsil bərbad vəziyyətdədir, biz ali təhsilli kadr yetişdirə bilmirik. Gənclərin dörd ilini alırıq, amma nəticədə onlara bir diplomdan başqa heç nə verə bilmirik. Digər tərəfdən, kolleclər də ödənişli əsaslarla fəaliyyət göstərir və illik 900-1000 manat civarında ödənişlər tələb olunur. Mən hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir və bu qədər xərc nə üçündür? Halbuki beynəlxalq təcrübədə kolleclər artıq ali məktəblərin bir pilləsidir".
Ekspert hesab edir ki, peşə məktəbləri isə əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etməlidir.
"Heç kim təhsil almağa məcbur deyil. Peşə məktəbində ödəniş 5000 manat olsa belə və insanlar həmin ödənişi edib təhsil alırlarsa, həmçinin bilirlərsə ki, nəticədə əmək bazarına lazım olan, potensiallı bir kadr kimi yetişəcəklər, bu, sevindirici haldır. Ancaq reallıq budur ki, biz hələ də peşə məktəblərini ali təhsil müəssisələri ilə eyni tutmaqdan və ya onları ikinci, üçüncü, ən aşağı səviyyəli təhsil müəssisəsi kimi görməkdən uzaqlaşmalıyıq" , - deyə Elşən Qafarov qeyd etdi.
Xədicə BAXIŞLI