"Peşə təhsilində illik təhsil haqlarının həddindən artıq artırılmasının qəti əleyhinəyəm" - Ekspertdən ETİRAZ

"Peşə təhsilində illik təhsil haqlarının həddindən artıq artırılmasının qəti əleyhinəyəm. Biz bir tərəfdən çalışırıq ki, peşə təhsili müəssisələrinə müraciət edənlərin sayını artıraq. Hətta yeni-yeni bu sahəyə maraq yüksəlməyə başlayıb, tələbə sayı 30 mindən yuxarı qalxıb. Hazırda ölkədə, səhv etmirəmsə, 78 peşə təhsili müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə 152 ixtisas üzrə tədris aparılır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri peşə təhsilində illik ödənişlərin çox olması haqqında danışarkən bildirdi.
"Son illərdə, xüsusən də son iki ildə biz bu sahədə tələbə artımına nail olmuşuq. Əgər məqsədimiz peşə təhsilini daha cəlbedici etmək, əmək bazarının ehtiyaclarına uyğun kadrlar hazırlamaqdırsa, təhsil haqlarının bu qədər artırılması nə dərəcədə doğrudur? Bəli, başa düşürəm ki, bahalaşma əsasən yüksək texniki peşə sahələrinə aiddir".
Ekspert qeyd etdi ki, peşə təhsili müxtəlif mərhələlərə bölünür:
"İlkin peşə, texniki peşə və yüksək texniki peşə. Hal-hazırda ilkin və texniki peşə sahələrində təhsil haqları qənaətbəxşdir və bu, müsbət haldır. Amma yüksək texniki peşəyə də ciddi ehtiyacımız var.
Təbii ki, bu sahələrdə tədris xərcləri çoxdur. Məsələn, Koreya standartlı peşə təhsil mərkəzləri xüsusi avadanlıq və infrastruktur tələb edir. Bu halda müəyyən təhsil haqqının tətbiq olunması başa düşüləndir. Ancaq qiymətlərin birdən-birə ikiqat artırılması, açıq desək, doğru deyil. Əgər biz bu sahəni inkişaf etdirmək istəyiriksə, onu daha əlçatan etməliyik. Əks halda, peşə təhsilinə xüsusən də yüksək texniki peşə sahəsində maraq azalacaq",- deyə müsahibimiz vurğuladı.
Xədicə BAXIŞLI