"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - Təhsil eksperti

 16:40 05.08.2025     215

Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında 110 ölkə iştirak edib. Çin, ABŞ, Cənubi Koreya, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan və Gürcüstan kimi ölkələr müxtəlif sayda qızıl, gümüş və bürünc medallar əldə ediblər. Azərbaycan isə bu yarışmada heç bir medal qazanmayaraq 74-cü yerdə qərarlaşıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanın 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında medal qazanmaması bir ölkə üçün sadəcə statistik uğursuzluq deyil, əksinə, təhsil sistemindəki dərin struktur problemlərin və strateji düşüncənin yoxluğunun kəskin təzahürüdür.

"Bu nəticə təkcə bir komandanın zəif performansı deyil, illərlə formalaşmalı olan istedad yetişdirmə mexanizminin çökməsinin nəticəsidir. Ölkədə təhsilin idarə olunması, istedadların aşkarlanması və inkişafı sahəsində nəzəri cəhdlər olsa da, real nəticə yoxdur. Bunu isə artıq ört-basdır etmək mümkün deyil.

Statistik rəqəmlər acı reallığı ortaya qoyur. 2025-ci ildə Vyetnam 1 qızıl, 3 gümüş, 2 bürünc medalla, İran 2 qızıl, 2 gümüş, 1 bürünc medalla, Gürcüstan isə 1 gümüş və 2 bürünc medalla yadda qalır. Azərbaycan isə medal sıfırı ilə təmsil olunur. Halbuki bu ölkələrin bəziləri bizdən həm əhali sayı, həm də iqtisadi imkan baxımından kiçikdir. Amma fərq təhsilin idarəetmə fəlsəfəsində və istedad siyasətindədir. Onlar təhsili real prioritetə çevirib, illərlə nəticəyə hesablanmış proqramlar tətbiq ediblər. Azərbaycanda isə sistem, daha doğrusu sistemsizlik, bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, dövlət istedadlıların inkişafını dəstəkləməli və onlara xüsusi qayğı göstərməlidir. Lakin bu norma yalnız kağız üzərində qalır. 2015-ci ildə təsdiq olunmuş “İstedadlı uşaqlarla iş üzrə Dövlət Strategiyası” real həyata keçirilmədi, nəticə vermədi, hesabatlılıq təmin olunmadı. Hazırda Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə yeni proqram irəli sürür, nə də mövcud boşluğu aradan qaldıracaq plan təqdim edir".

 Ekspert qeyd etdi ki, nazirliyin fəaliyyəti sadəcə vitrin xarakteri daşıyır:

"Yalnız nəticəsiz layihələr, simvolik tədbirlər, cəmiyyətin gözünü boyamaq üçün yaradılmış formatlar. Gerçəkdən uğurlu nəticə gətirə biləcək olimpiada hazırlıq sistemi, istedadların erkən mərhələdə aşkarlanması və uzunmüddətli dəstəklənməsi üçün nə normativ baza, nə də resurs ayrılır.

Olimpiada nəticələri fonunda ölkədə digər yarışlara yönəlmiş diqqət isə təəssüf doğurur. Heç bir beynəlxalq elmi nüfuzu olmayan, özlərini “beynəlxalq olimpiada” kimi təqdim edən, əslində isə ödənişli iştirak və turizm elementi üzərində qurulmuş “yarışlar”dan gətirilən kağız medallar statistik göstərici kimi təqdim edilir. Nazirlik bu tədbirləri əsas uğur kimi qabardır, amma Beynəlxalq Riyaziyyat Olimpiadası kimi nüfuzlu və əsl elmi əhəmiyyət daşıyan yarışlarda uğursuzluq ya gizlədilir, ya da bəhanələrlə ört-basdır edilir. Halbuki bir riyaziyyat üzrə qızıl medal ölkənin elmi reputasiyası üçün yüzlərlə formal sertifikatdan, süni “loqo”lu medallardan qat-qat dəyərlidir".

Müsahibimizin fikrincə, bu gün Azərbaycanda riyaziyyat fənni üzrə istedadlı uşaqlara yönəlmiş vahid olimpiada strategiyası yoxdur.

"Müəllimlər bu sahəyə ya heç cəlb olunmur, ya da fərdi səviyyədə, öz təşəbbüsü ilə işləyirlər. Dövlət bu istiqamətdə konkret proqram təqdim etmir, dəstək mexanizmi yaratmır, təlimlər keçirmir. Halbuki Tayvan, Cənubi Koreya, Sinqapur və Vyetnamda bu proses məktəbəqədər mərhələdən başlayaraq mərhələli şəkildə həyata keçirilir. Məsələn, Sinqapurda “Gifted Education Programme” dövlət strategiyası kimi tətbiq olunur və olimpiada hazırlığı birbaşa milli təhsil strategiyasının tərkib hissəsidir.

Azərbaycanın isə nə planı, nə proqnozu, nə də iradəsi var. Sadəcə vitrin  mövcud vəsaitlər isə formal layihələrə, hesabat üçün kağız üzərində olan fəaliyyətlərə xərclənir. Onlarla təhsil qrant layihəsi yazılır, icra olunur deyə göstərilir, amma nəticə sıfırdır. Dövlət bu sahəyə maliyyə ayırır, amma bu vəsaitin xərclənməsi ilə bağlı nə hesabat var, nə də ictimai nəzarət. Uğursuz nəticəyə görə heç bir cavabdehlik yoxdur. Əvəzində isə müxtəlif səbəblərlə və ya şəxsi əlaqələrlə Nazirliyə yaxın təşkilatlar bu qrantları mənimsəyir, nəticə isə unudulur. Bu, sadəcə təhsil sahəsində deyil, ümumiyyətlə, ictimai maliyyənin istifadəsi ilə bağlı dərin korrupsiya və qeyri-hesabatlılıq problemidir".

Onun sözlərinə görə, müsbət cəhət odur ki, Azərbaycan hələ də bu yarışlarda iştirak edir, yəni prosesdən tam kənarda deyil.

"Amma iştirakla kifayətlənmək, real nəticə gətirməyən təmsilçiliklə öyünmək kifayət deyil. Bu, sadəcə formal iştirakçılıqdır. Əgər nəticə yoxdur, deməli iştirak mexanizmi də qüsurludur. Yalnız o halda nəticə əldə edilə bilər ki, bu sahəyə strateji yanaşma tətbiq olunsun. İstedadlar məktəb səviyyəsindən tanınmalı, olimpiada laboratoriyaları yaradılmalı, təlimçi müəllimlər xüsusi hazırlıqdan keçirilməli, bu işə ayrılan vəsaitlər şəffaf və məqsədyönlü şəkildə xərclənməlidir.

Bu dəyişikliklər baş vermədiyi müddətcə, Azərbaycan yenə də sıfır medal, sıfır nəticə və sıfır hesabatla yoluna davam edəcək. Təəssüf ki, hazırda bu yolun sonunda elmin inkişafı deyil, yalnız cəmiyyətin təhsilə olan etimadının daha da itirilməsi görünür. Elm və Təhsil Nazirliyi isə bu prosesi izləmək və yalan statistik göstəricilərlə ictimaiyyəti aldatmaqla məşğuldur. Təhsilin keyfiyyəti nəticə ilə ölçülür, bu nəticə də ortadadır. Və bu nəticə isə biabırçıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən