“Uğursuz ixtisasa qəbul olmaqdansa, olmamaq daha yaxşıdır” - Təhsil eksperti

"Uğursuz ixtisasa düşməkdənsə, heç universitetə qəbul olmamaq daha yaxşıdır".
Bu fikirləri Redaktor.az-a abituriyentlərin ixtisas seçimindən danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi.
"Mən öz işimlə bağlı olaraq bir çox universitetlərdə görüşlərdə iştirak edirəm və tələbələrlə ünsiyyətə həmişə meyl etmişəm. Hətta meyl etməsəm belə, uzaqdan müşahidə etməyə çalışmışam. Bu müşahidələr zamanı isə arzuolunmaz bir mənzərənin şahidi olmuşam. Əksər tələbələrin gözündə işıq, gələcəyə inam görmürəm. Bu hal yalnız zəif tələbələrə deyil, ən yaxşı hesab etdiyimiz universitetlərin ən yaxşı tələbələrinə də aiddir. Orta səviyyəli tələbələrdən isə ümumiyyətlə danışmağa dəyməz.
Onların əksəriyyətinin yeganə arzusu abituriyentlikdən tələbəliyə keçid olub. Lakin bir neçə aydan sonra eyforiya keçir, reallıqla üz-üzə qalırlar. Hər bir insanın daxilində müəyyən hədəflər paketi olur. Bu hədəflər, insanın olduğu yer və şəraitlə uyğun gəlmədikdə, daxili narazılıq və motivasiya itkisi baş verir. Nəticədə tələbənin nə universitetə, nə də gələcəkdə daxil olacağı iş mühitinə marağı qalır".
Müsahibimiz qeyd etdi ki, vəziyyəti daha dərindən anlamaq üçün tələbələr arasında sorğu aparılsa, səbəbləri tam deməsələr də, gözlərindən oxunacaq sual bu olacaq:
""Biz oxuyub nə olacağıq ki?" Çünki özlərini aid olmadıqları bir yerdə görürlər və artıq geri dönüş imkanlarının çox az olduğunu bilirlər. Nadir hallarda tələbə hər şeyi atıb, təhsilini yarımçıq qoyur. Mən təbii ki, heç kimi təhsilini yarımçıq qoymağa səsləmirəm. Sadəcə, həyatda uğuru itirməmək üçün bəzən yeni mərhələ açmaq zərurəti yaranır. Məsələn, universitetə daxil olmayan biri, bir il, uzağı iki-üç il itirə bilər. Amma artıq üçüncü-dördüncü kursa gəlmiş bir tələbənin geriyə addım atması daha çətindir.
Bu gün “təki diplomun olsun, oxu” prinsipi işlək deyil. Artıq şəxsi hədəflərə uyğun bacarıqlar dövrüdür. Bizim universitetlərdə tələbələrin zəif nəticə göstərməsinin əsas səbəbi də məhz budur, tələbənin daxilən motivasiyasız olması, məqsədlə uyğunlaşmayan mühitdə özünü itirməsidir",- deyə sonda E.Nuri fikirlərini yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI