"Bu ixtisaslarda 50 bal artım müşahidə oluna bilər" - Ekspertdən XƏBƏRDARLIQ

 12:18 06.08.2025     204

Artıq 9 illik təhsil bazasından kolleclərə qəbul üçün qeydiyyat başlayıb.

Bəs bu il kolleclərə qəbul balları necə dəyişəcək?

Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, keçən il təxmini 10800 ətrafında plan yeri var idi:

"Bu il isə plan yerləri azalıb. Bu il plan yerləri 8100 ətrafındadır. Yəni 2700-2800 arasında plan yerlərində azalma müşahidə olunur. Keçən il haradasa 80-90 balla kolleclərə qəbul olanlar var idisə, bu il artıq 80-90 balla normal bir yerə qəbul mümkünsüz olacaq. Hətta Bakı şəhərində 120-130 baldan aşağı toplayanlarda demək olar ki, qəbul mümkünsüz olacaq. Hesab edirəm ki, bu il 120 baldan az olan ballarda giriş çətin olacaq".

Onun sözlərinə görə, keçən ilki sayla müqayisədə bu il kolleclərə sənəd verən çox, plan yeri isə azdır.

"Bu da əlbəttə ki, balların ciddi formada qalxacağından xəbər verir. Hardasa mən təxmin edirəm ki, subbakalavr dərəcəsi verilərək imtahansız ali təhsil müəssisəsinə müraciət olunan və qəbulu ehtimal olunan ixtisaslarda ballar kəskin artacaq. Çünki əksəriyyət bu ixtisasları yazır, xüsusilə də iqtisadiyyat yönümlü ixtisaslarda ballar kəskin olaraq artacaq. Hardasa 30 baldan yuxarı artma ehtimal edirəm. Digər ixtisaslarda isə hardasa 15-20 bal ətrafında artım olacaq. Hətta mən düşünürəm ki, bəzi ixtisaslarda, xüsusilə də Bakıda bəzi kolleclərin bəzi ixtisaslarında 50 bala qədər artım müşahidə oluna bilər", - deyə R.Nurəliyev əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən