Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB

Son günlər Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın gələcək taleyi ilə bağlı yayılan xəbərlər valideynlər və müəllimlər arasında ciddi narahatlığa səbəb olub.
İlkin mərhələdə yalnız məktəbin adının dəyişdiriləcəyi bildirilsə də, hazırda ibtidai bölmənin bağlanacağı ilə bağlı yayılan məlumatlar narahatlığı daha da dərinləşdirib. Valideynlər və pedaqoji kollektiv bu dəyişikliklərin uşaqların təhsilinə və sosial inkişafına mənfi təsir göstərə biləcəyini düşünürlər.
Onlar aidiyyəti qurumlardan məsələ ilə bağlı rəsmi açıqlama verilməsini və yaranan qeyri-müəyyənliyə son qoyulmasını tələb edirlər.
Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, son günlər Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
"Sözügedən təhsil müəssisəsində yeni tədris ilindən təmayül istiqamətlərinin genişləndirilərək xarici dillərlə yanaşı, digər humanitar sahələri də əhatə etməsi planlaşdırılır. Xarici dillər istiqamətində təhsil alan şagirdlərin təhsili məhdudlaşmır, əlavə olaraq sosial-humanitar (tarix və s.) istiqamətlərdə yeni imkanlar yaradılır. Bu isə şagirdlərin seçim imkanlarını artırmaqla yanaşı, onların maraq və biliklərinə uyğun daha geniş təhsil mühiti formalaşdıracaq.
Həmçinin təhsil müəssisəsindəki ibtidai sinif şagirdlərinin başqa müəssisələrə köçürülməsi, yeməkxananın ləğv edilməsi və müəssisədə çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi məsələləri müzakirə mövzusu deyil. Şagirdlər əvvəlki illərdə olduğu qaydada təhsillərini öz gimnaziyalarında (uzadılmış gün rejimində) davam etdirəcəklər. Hazırda birinci siniflərə qəbul prosesi davam edir. Qısası, təhsil müəssisəsi öz fəaliyyətini tam qaydasında davam etdirir və yeni tədris ilinə daha geniş imkanlarla hazırlaşır".