Ali məktəblərin akkreditasiya meyarlarının növbəti müzakirəsi keçirildi

Avqustun 5-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" sənədinin yeni redaksiyasının müzakirəsinə həsr olunmuş növbəti ekspert görüşü keçirilib.
Redaktor.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, TKTA-dan bildirilib ki, görüşdə ölkənin müxtəlif ali təhsil müəssisələrində çalışan ümumilikdə 25 nəfər akkreditasiya üzrə ekspert, ali təhsil müəssisəsinin məzunu, təhsilalanı, həmçinin işəgötürən qismində digər maraqlı tərəflər iştirak edib.
Müzakirələr zamanı sənədin ali təhsil müəssisələrinin keyfiyyət təminatının qiymətləndirilməsi baxımından praktiki tətbiqi və beynəlxalq standartlara uyğunluğu ətrafında geniş fikir mübadiləsi aparılıb. Ekspertlər meyarların ölçüləbilənliyini, nəticə yönümlülüyü və səmərəliliyi dəyərləndirməsi baxımından yeni yanaşma olduğunu bildirib, layihəyə rəy və təkliflərini şifahi və yazılı şəkildə təqdim ediblər.
Görüşün əsas məqsədi sənədin yeni redaksiyasında nəzərdə tutulan əsas dəyişikliklərin maraqlı tərəflərə təqdim olunması və onların rəy və təkliflərinin dinlənilməsi olub.





