“Bəzi valideynlər övladlarını daha asan universitetə qəbul olunsun deyə rus bölməsinə yönləndirirlər” - Ekspert

 18:12 06.08.2025     56

Son illərin qəbul imtahanlarında müşahidə olunan nəticələr bir tendensiyanı açıq şəkildə ortaya qoyur: rus bölməsi üzrə təhsil alan abituriyentlər, ümumilikdə, Azərbaycan bölməsi üzrə təhsil alanlarla müqayisədə daha aşağı nəticə göstərirlər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirdi ki, rus bölməsinin abituriyentlərinin Azərbaycan bölməsinin abituriyentlərindən zəif bal toplaması demək olar ki, uzun müddətdir müşahidə olunur:

"Bu, ictimaiyyətdə bilinənin əksinə olaraq, elmi-metrik təhlillərlə Azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərin göstəricilərinin rus bölməsindən daha yüksək olmasının nümunəsidir. Çünki illərlə 700 bal toplayan və Prezident təqaüdünə layiq görülənlərin içində rus bölməsindən olan abituriyentlər ya ümumiyyətlə yoxdur, ya da sayı çox azdır. Yəni bir-iki nəfər ola bilər, amma ümumi mənzərədə 700 bal alanların və Prezident təqaüdçülərinin 99%-i Azərbaycan bölməsinin məzunlarıdır.

Bunun bir neçə təbii səbəbi var. Azərbaycan bölməsində təkcə məktəb yox, illərlə formalaşan hazırlıq sistemi, kurslar və repetitorluq fəaliyyəti mövcuddur".

Onun sözlərinə görə, bəzi Azərbaycan dilli valideynlər övladlarını daha asan universitetə qəbul olunsun deyə rus bölməsinə yönləndirirlər:

"Bu zaman əsas məqsəd dünyagörüşü və ikinci dil bacarığı ilə yanaşı, prestijli ixtisaslara Azərbaycan dilində yüksək keçid balı ilə deyil, daha aşağı balla daxil olmağa çalışmaq olur. Bundan başqa, Azərbaycan bölməsində abituriyent sayı həddindən artıq çoxdur, rus bölməsində isə azdır. Bu da nəticələrdəki fərqin normal və başadüşülən olmasına səbəb olur. Çünki Azərbaycandakı təxminən 4500 məktəbin yalnız 250-300-ü rus bölməlidir.

İmtahan sistemi, dərsliklər və hazırlıq infrastrukturu da bu fərqə təsir göstərir. Rus bölməsi şagirdlərinin daha aşağı balla qəbul imkanı onların keçid şərtlərinin də fərqli olmasına səbəb olur. Ümumiyyətlə, yüksək hazırlıqlı və savadlı gənclər əsasən Azərbaycan sektorundadır. Statistikaya əsasən, bu tendensiya son 10-15 ildə davam edir. Xüsusilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylər, Respublika liseyləri, Türkiyənin Dəyanət İşləri Nazirliyinin açdığı Dəyanət liseyi, Atatürk liseyi kimi tədrisi qeyri-rus dilində olan liseylərin şagirdləri hər zaman yüksək nəticələr göstərir, olimpiadalarda önə çıxır".

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən