MÜTDA etirazlara cavab verdi

 15:34 07.08.2025     136

6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Bu barədə Redaktor.az-a MÜTDA məlumat verib.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilmişdir.

Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılmışdır.

Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir.

Vumart və Güvən reklamı Vumart Güvən