"Bəzi populyar kolleclərdə və ya konkret ixtisaslarda nisbi bal artımı ola bilər" - Kamran Əsədov

 18:18 07.08.2025     76

"Bu il 9 illik təhsil bazasında kolleclərə qəbul üçün sənəd verənlərin ümumi sayı 26 min olsa da, real ixtisas seçimi edənlərin sayı 10 min nəfərdən azdır. Burada ən kritik məqam budur ki, sənəd verməklə seçim etmək eyni şey deyil".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov 9 illik təhsil bazasından kolleclərə qəbul məsələsindən danışarkən bildirdi.

"Bir çox şagirdlər sənəd versələr də, ya fikrini dəyişir, ya da minimum keçid balını toplamadıqları üçün ixtisas seçimi mərhələsinə keçə bilmirlər. Deməli, plan yeri 8 min olduğu halda, ixtisas seçimi edənlər 10 min nəfər deyilsə, bu, ciddi rəqabət olmadığını göstərir. Belə olan halda ballarda ümumi artım dalğası gözlənilmir.

Əksinə, bəzi kolleclərdə və ixtisaslarda seçim çox zəif olduğuna görə, keçid balları hətta azala da bilər. Balların qalxması üçün iki amil paralel şəkildə mövcud olmalıdır: plan yerlərinin azalması və seçim edənlərin sayının artması"

Təhsil eksperti qeyd etdi ki, bu il yerlər azalıb, amma seçim edənlərin sayı kifayət qədər deyil. 

"Nəticə etibarilə, bəzi populyar kolleclərdə və ya konkret ixtisaslarda nisbi bal artımı ola bilər, lakin bu sistemli, kütləvi bal artımı demək deyil. Bu səbəbdən də ekspert adı ilə danışanların sadə məntiq və rəqəmlərlə yanaşmadan irəli sürdükləri “ballar xeyli artacaq” kimi proqnozlar reallığı əks etdirmir və ictimaiyyəti çaşdırır.

Bu sahədə riyazi və analitik təhlil aparılmadan verilən açıqlamalar sadəcə təsadüfi fərziyyələrdən ibarətdir. Kolleclərə qəbul prosesi ayrıca, daha dərin elmi və statistik analiz tələb edir. Təəssüf ki, bunu edən mütəxəssis sayı da çox azdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən