Birinci sinfə maraq necə yaradılmalı? - Psixoloqdan tövsiyələr

Yay aylarının sonuna yaxınlaşdıqca bir çox valideynlər və uşaqlar üçün yeni tədris ilinə hazırlıq prosesi başlayır. Xüsusilə birinci sinfə gedəcək uşaqlar üçün bu mərhələ xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, yay aylarının sonu valideynlər və uşaqlar üçün xüsusi bir mərhələdir.
"Xüsusilə də ilk dəfə məktəb həyatı ilə tanış olacaq uşaqlar üçün bu dövr həm həyəcanverici, həm də bir qədər narahatedici ola bilər. Məktəbə yeni başlayacaq uşaqlarda maraq yaratmaq, onlarda məktəbə qarşı müsbət münasibətin formalaşması üçün valideynlər tərəfindən bu məsələ diqqətə alınmalıdır.
İlk olaraq, məktəb haqqında pozitiv danışın. Uşaq məktəbi ilk dəfə sizdən eşidir. Əgər məktəb haqqında danışarkən “çətinlik”, “intizam”, “dərs oxumaq məcburiyyəti” kimi ifadələr işlədilirsə, bu, uşaqda qorxu və narahatlıq yarada bilər. Əvəzində məktəbi maraqlı bir macəra kimi təqdim etmək faydalıdır: yeni dostlar, rəngarəng kitablar, oyunlar və öyrəniləcək maraqlı məlumatlar uşaqlarda həyəcan hissini artırır. Uşaqla məktəb haqqında söhbət edərkən onu dinləmək çox önəmlidir. “Məktəbdə nə baş verəcəyini düşünürsən?”, “səncə məktəb necə bir yerdir?” kimi suallar verməklə onun duyğularını öyrənmək olar. Əgər uşaqda qorxular varsa, bu narahatlıqları anlamaq və empati ilə yanaşmaq onların azalmasına kömək edir".
Psixoloq məsləhət gördü ki, məktəbə adaptasiya üçün oyunlardan istifadə etmək faydalıdır:
"Oyun, uşaqlar üçün təbii öyrənmə üsuludur. Evdə “məktəb oynamaq” yəni müəllim, şagird rollarını bölüşdürmək, dərs keçmək, zəng çalmaq kimi fəaliyyətlər uşağın məktəbə adaptasiyasını asanlaşdıra bilər. Bu oyunlar vasitəsilə məktəbin necə bir yer olduğu barədə təsəvvür formalaşdırmaq mümkündür.
Məktəbə getməyi vizual olaraq canlandırmaq da oyunun bir parçası ola bilər. Uşağın beynində məktəbə getmək ilə bağlı müsbət obrazlar yaratmaq faydalı olar. Birlikdə məktəbin yaxınlığında gəzintiyə çıxmaq, məktəb binasını göstərmək, “sabahlar bura gələcəyik” demək, məktəbin həyətini tanıtmaq, məktəbə keçidi real və tanış hala gətirir.
Məktəb alış-verişini də birliktə edin. Uşaq üçün məktəb ləvazimatları almaq da məktəbə marağı artıran amillərdən biridir. Qələm, çanta, dəftər kimi əşyaları seçməkdə uşağa azadlıq vermək, onun məktəblə bağlı həyəcanını artırır. Bu əşyalarla oynamaq, onlarla məşğul olmaq da motivasiyaedici ola bilər".
Onun sözlərinə görə, gündəlik rejimi tədricən qurmaq lazımdır.
"Yay aylarında sərbəst rejimə alışan uşağın bir anda erkən oyanmağa keçməsi çətin ola bilər. Məktəbə marağın sönməməsi üçün gündəlik rejimi avqust ayının ortalarından etibarən yavaş-yavaş dəyişmək faydalı olar: yuxu saatlarını tənzimləmək, səhər hazırlıqlarını birlikdə etmək, nahar və oyun saatlarını məktəbə uyğunlaşdırmaq uşağın keçidini rahatlaşdırar.
Son olaraq, əhval-ruhiyyə və emosional dəstək vacibdir. Ən əsası isə uşağın emosional ehtiyaclarını görmək və onu tənqid etmədən, təzyiq göstərmədən dəstəkləməkdir. Uşağa hiss etdiklərinin normal olduğunu söyləmək, özünüzün də ilk məktəb günü barədə hisslərinizi bölüşmək onun özünü tək hiss etməməsinə səbəb olar.
Məktəbə ilk addım uşağın təhsil həyatında dönüş nöqtəsidir. Bu mərhələdə valideynin yanaşması, münasibəti və dəstəyi uşağın məktəbə olan münasibətini formalaşdırır. Yay aylarının sonunu bu keçidə hazırlıq dövrü kimi dəyərləndirmək, uşağın məktəbə maraqla və sevinclə başlaması üçün möhkəm təməl yarada bilər", - deyə Pərvanə Musayeva qeyd etdi.
Xədicə BAXIŞLI