Azərbaycanda universitetlərdə təhsil haqqı artırılır?

2025/2026-cı tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat və magistratura səviyyələrində illik təhsil haqqı artırılıb. Magistratura səviyyəsində MBA proqramının ixtisaslaşmaları üzrə təhsil haqqı 2 500 AZN-dən 2 700 AZN-ə, bakalavriat və magistratura səviyyələrində təhsil haqqı məbləği 2 300 AZN-dən 2 400 AZN-ə qaldırılıb. Artım yeni tədris ilində ADPU-ya qəbul olan tələbələrə şamil olunacaq.
Ali təhsil müəssisələri təhsil haqqının artırılmasını dəyişən sosial-iqtisadi tələblər, təhsil xidmətlərinin maya dəyərinin artması ilə izah edirlər. Valideyn və tələbələr isə artımdan narahatdırlar.
Redaktor.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
BDU-da təhsil haqlarında əhəmiyyətli dəyişiklik nəzərdə tutulmur
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova bildirib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb: "Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədi ilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır".
ADA Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, universitetdə təhsil haqqında artım gözlənilmir: "ADA-da ən aşağı ödənişli ixtisas Qazaxda tədris olunan Təlim və tədrisin metodikası üzrə magistr proqramıdır ki, təhsil haqqı 2 500 AZN təşkil edir. Ən yüksək ödənişli ixtisas isə Biznesin idarəedilməsi üzrə magistr proqramıdır - 8 500 AZN".
Qeyd edək ki, ADA Universiteti bu ildən I və II qrupun bəzi ixtisasları üzrə dövlət sifarişi əsasında tələbə qəbulu aparacaq. Bu qruplar üzrə ümumilikdə 180 yer ayrılıb.
Tibb ixtisası 6 500 AZN, stomatologiya 6 000 AZN
Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətindən verilən məlumata görə, ödənişli təhsildə ixtisaslar üzrə təhsil haqqı aşağıdakı kimi müəyyənləşdirilib: "Tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mətbuat Xidmətindən "təhsil haqlarının ilə bağlı məlumatı tədris ili başlayandan sonra biləcəyik. Hazırda konkret söz deyə bilmərik", - deyə cavab verilib. Təhsil haqları isə bakalavr səviyyəsi üçün 2 000 - 2 500, magistratura səviyyəsi üçün 2 500 - 3 000 AZN arasında dəyişir.
Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, onlarda təhsil haqqı ötən il olduğu kimi qalır. AzTU-da ixtisaslar üzrə ən aşağı təhsil haqqı 1 900 AZN, ən yüksək təhsil haqqı isə 2 200 AZN-dir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də (ADMİU) yeni tədris ili üçün heç bir ixtisas üzrə təhsil haqqı artımı nəzərdə tutulmayıb. Universitetin mətbuat katibi Şəhanə Müşfiqin sözlərinə görə, bütün ixtisaslar üzrə təhsil haqları sabit qalıb: "Universitetdə "ən aşağı" və "ən yuxarı" ayırımı yoxdur. Bütün ixtisaslar üzrə ödəniş eynidir".
UNEC-də də qiymət artımı olmayacaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova onlarda da təhsil haqlarının artırılmadığını bildirib: "Ən yüksək ödənişlər UNEC Biznes məktəbinin bəzi ixtisaslarındadır, ən az ödəniş isə qiyabi təhsil üzrədir".
Qeyd edək ki, UNEC-də bakalavriat səviyyəsi üzrə təhsil haqları 1 700 - 2 100 AZN arası dəyişir. Magistratura pilləsi üzrə ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği Azərbaycan və rus bölmələri üzrə 2 200 - 5 000 AZN, ingilis və türk bölmələri üzrə 2 300 - 5 000 AZN-dir.
Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı da təhsil haqları ilə bağlı hər hansı yenilik olmadığını bildirdi.
Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin sözlərinə görə, təhsil ocağında 2025/26-cı tədris ili üzrə qəbulda heç bir səviyyə üzrə artım nəzərdə tutulmayıb. İxtisaslar üzrə təhsil haqları isə 4 000 - 5 000 AZN-dir.
Azərbaycan-Fransız Universitetinin (UFAZ) ictimaiyyətlə əlaqələr üzrə meneceri Xülya Cəfərova bildirib ki, UFAZ-da II ixtisas qrupu üzrə ixtisaslarda təhsil haqqı 2 500, I ixtisas qrupu üzrə isə 2 200 AZN-dir. Keçən tədris ilində də ən yüksək məbləğ 2 500 AZN olub. Magistratura pilləsində də təhsil haqqı keçən il olduğu kimidir - 2 500 - 3 000 AZN.
Bakı Musiqi Akademiyasının mətbuat katibi Ofeliya İsgəndərova hələlik təhsil haqlarında dəyişiklik barədə heç bir məlumat verilmədiyini bildirib.
Bölgə universitetlərində təhsil haqları necədir?
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə Əlaqələr və Mətbuat Xidmətinin rəhbəri Esmira İsmayılovanın verdiyi məlumata görə, LDU-da 2025/2026-cı tədris ili üzrə həm bakalavriat, həm də magistratura səviyyəsinin bəzi ixtisasları üzrə təhsil haqlarında artım var. Bakalavr səviyyəsinin ixtisasları üzrə ən aşağı təhsil haqqı məbləği 1 450 AZN (keçən il 1 300 AZN), ən yüksək təhsil haqqı 2 000 AZN (keçən il 1 800 AZN) təşkil edir.
Magistratura səviyyəsinin ixtisasları üzrə ən aşağı təhsil haqqı məbləği 1 800 AZN (keçən il 1 700 AZN), ən yüksək təhsil haqqı 2 000 AZN (keçən il 2 000 AZN) təşkil edir.
Naxçıvan Dövlət Universitetinin (NDU) Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova NDU-da 2025/2026-cı tədris ili üçün təhsil haqqı artımı olduğunu bildirib: "Bizdə ən aşağı təhsil haqqı 1 000 manat təşkil edir ki, bu da xarici dil müəllimliyi (fransız, alman, rus dili) ixtisaslarındadır. Tibb ixtisası (2 700 AZN) universitetdə ən yüksək təhsil haqqı olan ixtisasdır".
Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadənin sözlərinə görə, universitetdə istər 2024/2025-ci tədris ili, istərsə də cari tədris ilində təhsil haqqında artım olmayıb: "Universitetdə təhsil haqları fakültə və ya ixtisas fərqi olmadan standartdır: bakalavriat səviyyəsi üzrə əyanidə 1 600, qiyabidə 1 400, magistratura səviyyəsində 1 700 və MBA təhsilində isə 2 000 AZN".