91 bal toplayan müəllim işsiz qalırsa, digərləri necə tapsın?

Son günlərdə sosial şəbəkələrdə müəllimlərin yüksək bal toplasalar da, aktiv vakansiya tapa bilməməsi müzakirə mövzusuna çevrilib. Müəllimlər iddia edirlər ki, bəzi vakansiyalar gizlədilir.
Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev qeyd edib ki, əgər, ölkədə bu qədər müəllimə ehtiyac yoxdursa, bu qədər bakalavr niyə qəbul olunur?
"Son günlər müəllimlərin işə qəbulu imtahanları, xüsusilə də vakant yerlərin seçimi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq və suallar var. Mətbuatdan da göründüyü kimi, bəzi namizədlər kifayət qədər yüksək bal toplasalar da, vakant yer seçə bilmirlər. Vakant yerlərin sayı çox azdır.
Burada iki əsas nüans var. Birincisi, doğrudan da vakant yerlərin sayı azdır. Əgər belədirsə, bəs niyə bu qədər müəllim hazırlanır universitetlərdə? Əgər, ölkədə bu qədər müəllimə ehtiyac yoxdursa, bu qədər bakalavr niyə qəbul olunur? Niyə bu sahəyə bu qədər plan yeri ayrılır? Əgər doğrudan da müəllimə ehtiyac varsa, o zaman vakant yerlər haradadır? Niyə bu yerlər açıqlanmır və ya gizli saxlanılır? "
91-92 bal toplayan namizədlər belə vakant yer tapa bilmirsə, bu nə dərəcədə ədalətlidir?
"Bu səbəbdən məsələ ciddi şəkildə araşdırılmalı və Elm və Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir: əslində problem nədədir? Məsələn, 91-92 bal toplayan namizədlər belə vakant yer tapa bilmirsə, bu nə dərəcədə düzgündür? 91 bal artıq əlaçı səviyyəsində olan bir namizəd deməkdir. Əgər belə bir şəxs sistemdə yer tapa bilmirsə, o zaman digərləri necə tapsın?
Əgər burada uyğunluq problemi varsa, tələbə qəbulu planı azaldılmalıdır. Yox əgər vakant yerlər həqiqətən mövcuddursa, amma gizlədilirsə, bu yerlər açıqlanmalı və müəllimlərin yerləşdirilməsi ilə bağlı problemlər aradan qaldırılmalıdır",- deyə Səbuhi Abdullayev vurğulayıb.