Magistratura üzrə boş qalan yerlərə əlavə qəbul başlayır

 10:17 13.08.2025     151

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2025-ci il avqustun 13-dən 18-dək ixtisaslaşma seçimi elan edir.

Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, boş qalan plan yerlərinə qəbul 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 18 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, həmçinin kitab mağazalarından almaq, abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Jurnalının elektron versiyasını isə (pdf formatda) abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Vumart və Güvən reklamı Vumart Güvən