Az saatlı vakant yerlər birləşdirilərək təqdim ediləcək - RƏSMİ AÇIQLAMA

“2000-ə yaxın vakant yer tutulmamış qalıb. Vakant yerlərin gizlədilməsinə gəldikdə, bununla bağlı iddialar yolverilməzdir. Sadəcə, vakant yerlər üzrə növbəti turda tutulmamış az saatlı boş yerlər müsabiqəyə təqdim olunmayacaq. Çünki bu, müəllimlərin işə inteqrasiyası üçün çətinlik yaradır”.
Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, buna görə müsabiqəyə təqdim edilməyən az saatlı vakant yerlərlə bağlı yenilik edilir.
“Bunun əvəzində bu ildən ilk dəfə olaraq az saatlı vakant yerlər birləşdirilərək müəllimlərə bir vakant yer kimi təqdim ediləcək. Bəzi hallarda iki, bəzi hallarda isə üç vakant yer birləşdirilmiş formada müsabiqəyə təqdim olunacaq. Müəllimlər üçün bu yerlərdən biri əsas, digəri isə əlavə iş yeri kimi rəsmiləşdiriləcək”, - deyə N.İsmayılbəyli qeyd edib.
Müdir müavini əlavə edib ki, vakant yerlər üzrə keçiriləcək turda artıq “Faktiki yaşayış yeri” meyarı tətbiq edilməyəcək.