"Strateji hədəflərimizi şagirdlərə elmi əsaslarla çatdırmaq onların vətənpərvər böyüməsində mühüm rol oynayır"

Elm və Təhsil Nazirliyi bildirir ki, Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub.
Redaktor.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, Zəngəzur dəhlizi Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi, iqtisadi və geostrateji əhəmiyyətə malik olan tarixi hadisələrdən biridir.
"Vaşinqton görüşündə əldə olunan razılaşmaların, xüsusilə, Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin reallaşdırılması 1928-ci ildən etibarən qurulan anti-Azərbaycan planlarını birdəfəlik olaraq lehimizə dəyişdi. Bu isə özü-özülüyündə yaşadığımız ən qürurlu anlardan biri və məhz tarixi döngünü dəyişən strateji bir addımdır.
Təbii ki, bu proseslərin məktəb dərsliklərinə salınması, xüsusən də “Zəfər tarixi” və “Azərbaycan tarixi” dərsliklərində gənc nəslə təqdim edilməsi, milli yaddaşın möhkəmləndirilməsi baxımından mühüm addımdır".
Millət vəkili əlavə etdi ki, tarixi qələbələrimizi və strateji hədəflərimizi şagirdlərə elmi əsaslarla çatdırmaq, onların milli kimlik və Vətən sevgisi ilə yetişməsində əvəzsiz rol oynayır.
"Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Ən yeni tariximizin, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı proseslərin dərsliklərə salınması, gənc nəsli regionun geosiyasi reallıqlarını düzgün dərk edən, milli maraqların müdafiəsinə hər zaman hazır olan vətəndaşlar kimi formalaşdıracaq. Müəllimlər üçün hazırlanacaq metodik vəsaitlər isə mövzunun daha effektiv tədrisinə xidmət edəcəkdir.
Bizim tarixi yaddaşımız yalnız muzeylərdə, arxivlərdə eyni zamanda məktəbdən başlayaraq şagirdlərin düşüncəsində formalaşmalıdır. Bu, gələcək nəsillərin Vətəninə, dövlətinə və tariximizə bağlılığının ən möhkəm zəmanətidir", - deyə Günay Ağamalı vurğuladı.
Xədicə BAXIŞLI