"Tarix dərsliklərinin yenidən yazılmasına və işlənməsinə ehtiyac var" - Deputatdan TƏKLİF

 19:10 13.08.2025     107

"Zəngəzur məsələsinin tarix dərsliklərində əksini tapması olduqca önəmli və vacibdir. Lakin mən hesab edirəm ki, təkcə əlavələrlə kifayətlənmək düzgün olmaz. Ümumilikdə tarix dərsliklərinin yenidən yazılmasına və işlənməsinə ehtiyac var. Son beş ildə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu, özünün zəfər tarixini yaratdı. Bu mərhələ həm qürurverici, həm də özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də, bu dəyişikliklərin hamısının dərsliklərdə əks olunması vacibdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Zəngəzur dəhlizinin tarix dərsliklərinə salınmasından danışarkən bildirdi.

"Son beş il ərzində baş verən hadisələr sürətli və ciddi dəyişikliklərlə yadda qaldı. Bu dəyişikliklərin tarix dərsliklərinə daxil edilməsi, gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bir millətin özünü dərk etməsi üçün onun tarixini dərindən bilməsi vacibdir. Bu mənada, dərsliklərin yenidən işlənməsi və tamamilə yeni bir baxış bucağı ilə yazılması zəruridir. Söhbət sadəcə mövcud mətnlərə əlavələr etməkdən getmir".

Deputat qeyd etdi ki, tarixə yeni yanaşma formalaşdırılmalı, zəfər tariximiz əhatəli şəkildə qələmə alınmalı və geniş şəkildə təbliğ olunmalıdır.

"Əgər biz bu tarixi əbədiləşdirməsək, yazmasaq, üzərində işləməsək və onu gənc nəslə ötürməsək, gələcəyimiz daha mürəkkəb və çətin ola bilər.

Bu səbəbdən, məsələnin üzərində sistemli şəkildə düşünmək, geniş mütəxəssis heyətinin iştirakı ilə işləmək lazımdır. Yalnız belə olduqda reallıqlar və həqiqətlər dərsliklərdə dolğun şəkildə əksini tapar. Biz bu həqiqətləri gənclərimizə, övladlarımıza aşılamalı, onlara milli kimliyimizin və zəfər tariximizin əhəmiyyətini anlatmalıyıq. Bu, qarşımızda duran əsas vəzifələrdən biridir", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən