"Zəngəzur dəhlizi sadəcə Azərbaycan tarixinin deyil, həm də dünya tarixinin bir parçasıdır" - Jalə Əliyeva

"Azərbaycan öz tarixinin, ən əhəmiyyətli, ən qürurlu, şərəfli günlərini, dövrünü yaşayır. Azərbaycan tarixinin bu əhəmiyyətli səhifələri isə tariximizi öyrədənlər, onu tədris edənlər tərəfindən gənc nəsilə, yetişməkdə olan nəsilə olduğu kimi çatdırılmalıdır. Yazılan bu tarix, eyni zamanda dərsliklərdə öz yerini alacaq olan həqiqətlər, Azərbaycan tarixinin ən yeni dövrünün silinməz səhifələri böyüməkdə olan nəsilə, yeniyetmələrə və gənclərə öyrədilməlidir. Bu baxımdan belə bir qərarın verilməsi, belə bir addımın atılması gözlənilən idi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva Zəngəzur dəhlizinin tarix dərsliklərinə salınmasından danışarkən bildirdi.
"Bu, sadəcə Azərbaycan tarixinin deyil, həm də dünya tarixinin bir parçasıdır. Bu tarixi yaşatmaq və gələcək nəsillərə ötürmək, həm təhsil verənlərin əsas vəzifəsi olmalı, həm də ümumilikdə təhsil sferasında strateji əhəmiyyətli məsələ kimi qəbul edilməlidir. Dövlətin də gələcəyi olan uşaqların bu hadisələr haqqında tam bilikli və məlumatlı böyüməsi üçün atılan bu addım olduqca əhəmiyyətlidir", - deyə deputat fikirlərini yekunlaşdırdı.
Xədicə BAXIŞLI